Zərdab rayonunun Məlikli kənd sakini, qaraciyər serrozundan əziyyət çəkən İsrəfilov Nurlan İsabala oğlunun kart hesabına yardımsevər insanların maddi köməkliyi sayəsində yığılmış pulun bir hissəsi oğurlanıb.
Bu barədə Zerdab.com-a açıqlamasında Nurlan İsrəfilovun yaxınları məlumat verib.
Onlar bildiriblər ki, aparılan xeyriyyə aksiyaları nəticəsində, yardımsevər insanların etdiyi maddi yardımlar hesabına Nurlanın kart hesabında 3200 manat pul yığılıbmış. Lakin həmin pulun 500 manatı naməlum şəxslər tərəfindən onun hesabından oğurlanıb.
N. İsrəfilov əməliyyat üçün yığılan həmin pulları hesabından çıxarmırmış ki, toplansın.
Bir müddət öncə bank hesabı bloka düşüb.
Nurlan yaxınları “Kapitalbankın” Zərdab rayon filialına gedib və bunun səbəbi ilə maraqlanıblar.
Onlara bildirilib ki, Nurlanın hesabından 500 manat çıxarılıb.
Deyilib ki, pullar xaricdən onlayn yolla çıxarılıb.
Nurlana kartında 100 manatdan artıq saxlamamaq tövsiyə olunub.
Faktla bağlı Nurlanın yaxınları polisə müraciət ediblər.
Qeyd edək ki, Nurlan İsrəfilova qaraciyər transplantasiyası üçün 50 min manat lazımdır.
Hazırda lazım olan vəsaitin yığılması üçün xeyriyyə aksiyası davam edir.