Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva Zərdab rayonunda növbəti dəfə seçiciləri ilə görüşüb. Deputatın qərargahından Zerdab.com saytına verilən məlumata görə, görüşdə 40-a yaxın seçici iştirak edib.
Seçicilərin aktivliyi ilə keçən görüşdə millət vəkili Jalə Əliyeva əvvəlcə Prezident İlham Əliyev tərəfindən aparılan böyük islahatlar, həmçinin sosial sahədə həyata keçirilən uğurlu addımlar, imzalanan sərəncamlar, fərmanlar, verilən tapşırıqlar barədə ətraflı məlumat verib.

Deputat eyni zamanda Milli Məclisdə müzakirə olunan məsələlərlə bağlı sakinləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Vətəndaşlar öz növbəsində ölkədə həyata keçirilən islahatlardan, millət vəkili Jalə Əliyevanın Milli Məclisdəki fəaliyyətindən məmnunluq ifadə ediblər, seçiciləri narahat edən məsələləri qabardaraq həlli üçün konkret təkliflər verdiyinə, aidiyyəti qurumlar qarşısında mütəmadi olaraq məsələ qaldırdığına görə minnətdarlıqlarını bildiriblər.


Qəbula gələnlər Zərdab-Mollakənd yolunun təmir edilməsi, Şahhüseynli kənd sakinlərinin su probleminin həlli ilə bağlı yerli sakinlərin müraciətlərinin bir müddət öncə Nazirlər Kabinetinə, Salahlı kəndində əkin sahələrinin suvarılması ilə bağlı yaranmış problemlə əlaqədar sakinlərin müraciətinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə, Körpükənd sakinlərinin qəzalı vəziyyətdə olan 4 kilometrlik yolun təmir edilməsi, su bəndinin bərpası ilə bağlı müraciətlərinin Nazirlər Kabinetinə, Siləyli və Gəndəbil kəndlərində qazlaşdırma işlərinin aparılması ilə əlaqədar seçicilərin müraciətləri əsasında SOCAR və “Azəriqaz” İstehsalat Birliyinə məktublar göndərdiyinə və bu məsələləri mütəmadi Milli Məclisdə gündəmə gətirdiyinə görə deputat Jalə Əliyevaya təşəkkür ediblər.

Görüşdə seçicilər tərəfindən örüş sahələrinin təyinatının müəyyənləşdirilməsi, işlə təminat, qazlaşdırma, ödənişli təhsil alan aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqında qismən də olsa güzəşt edilməsi ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması ilə əlaqədar müraciətlər edilib.

Qəbula gələn seçicilərdən biri övladına qaraciyər transplantasiyası ilə bağlı aidiyyəti qurumlar və imkanlı şəxslər qarşısında məsələ qaldırılması ilə bağlı millət vəkilinə müraciət ünvanlayıb.
Qeyd edək ki, bir müddət öncə həmin xəstəyə deputat tərəfindən maddi yardım edilmişdi.

Millət vəkilinin qarşısında qaldırılan problemlərin bəziləri yerindəcə həll edilib, digər məsələlərin həlli üçün isə deputat tərəfindən müvafiq qurumlara müraciətlər göndərilib.
Sonda seçicilər deputatdan ölkədə gedən böyük quruculuq işləri üçün minnətdarlıqlarını Milli Məclisin tribunalarından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çatdırmağı xahiş ediblər.



Zerdab.com