Sosial şəbəkədə dostluğumda Gülnarə Məmmədova adlı dəyərli bir pedaqoq var. Yazılarını sevə-sevə oxuyuram. Hər mövzunu o qədər gözəl analiz edir ki, kaş, deyirəm, bu düşüncədə olanların sayı çox olaydı. Bir az bundan qabaq onun bir yazısını oxudum. 11 il qabaq qurduğu ailə həyatından, tanımadığı bir kəndə gəlin getdiyi və orda qarşılaşdığı insanları və ona olan münasibətləri xatırlayıb qələmə almısdı. O an özümün keçmişimi xatırladım. Ötən illəri bir-bir varaqladım.
…90 cı ildə ailə həyatı qurdum. Tanımadıgım bir rayon, bir kənd, orda yaşayan insanlar…
Mənim ücün fərqli bir həyat.
Mən orda yaşamaq zorundaydım. Əvvəl elə bilirdim, yay tətilini keçirməyə gəlmişəm.
Qayıdacam. Yavaş-yavaş dərk etdim ki, yox, bu bir reallıqdır. Mən bura həmişəlik
gəlmişəm. Məsələ o idi ki, o həyatı mən seçmişdim. Humanistliyimmi deyim, mərhəmətimmi
deyim, insanlığımmı deyim – bilmirəm. Yoldaşımın təyinatını Dağıstana vermişdilər.
O, o dövrdə APİ, indiki Pedaqoji Universiteti bitirmişdi. Cəmi iki tələbənin
adını göndərmişdilər başqa ölkəyə. Onun biri də mənim yoldaşım idi. Müstəqil həyata
yeni atılırdı, arzuları var idi. Təyinat dövrünü başa vurduqdan sonra Vətənə
dönüb elmi iş götürəsiydi. Bəxtiyar Vahabzadə yaradıcılığının vurğunu idi.
Qoymadılar. Və bu, həyatımızda atdığımız, bir ömür əziyyətini çəkdiyimiz bir
SƏHV idi.
Nə isə… Bu bir həyatdır.
Böyük auditoriyadan çıxıb, dalan bir rayon, işığı, qazı, suyu
olmayan bir kənd və şəraiti olmayan bir ev… Elə bilirdim yuxudayam. Ayılacam
və görəcəyəm ki, bu bir kabusdu … Amma təəssüf…yuxu deyildi, gercək idi.
Nə isə… mən taleyimlə razılaşmağa başladım. Yoldaşım əvvəl
qonşu kənddə müəllimliyə başladı. Sonra mən qonşu kənddə mədəniyyət evində
metodist kimi işə başladım. Əziyyətli günlərim başlamışdı. Qayınanam və
qayınatam yaşlı insanlar idi. Onlara da kömək lazım idi. 4 il kitabların kölgəsində
yuxuya gedən biri… İndi isə birdən-birə ailə yükü, dövlət işi… Öyrənməyə
çalışırdım. Çoxuşaqlı ailəyə gəlin getmişdim. Amma onların hamısı kənddən çıxıb
şəhərə üz tutmuşdular. Yəni kənddə birinci dərəcəli qohum sayılan heç kimsə yox
idi. Bəzi işlərdə rəhmətlik qayınanam kömək edirdi. Amma o da xəstə idi.
Aylar illəri qovdu, övladlarım dünyaya gəldilər. Əziyyətli
günlərim daha da artdı. Su yox idi. Kənddən xeyli aralı Kür cayı axırdı. Suyu
vedrələrlə ordan gətirmək zorundaydım. “Yolaq” deyilən yer var idi. Ora düşməyə
qorxurdum: Ayağım sürüşsə, suya düşəcəskdim. Gözləyirdim hansısa bir qadın gələ,
vedrələri doldura. Bax, onda Rəxşəndə bacını, qızlarını, Samirəni, Hüsniyyəni,
Aynuru, Fəxriyyəni, Nahidəni özümə xilaskar, doğma bilirdim. Bəzən onlar yolda
vedrələrimə də kömək edirdilər. (Onlar suyu səhəngdə aparırdılar).
Xəstələnəndə Dursun xala gəlib xəmirimi yoğurardı. Kəndin
qızları gəlib uşaqları geyindirər, evləri yığışdırıb gedərdilər. Bəzən müəllim
də işlə bağlı evdə olmazdı. Onda Nahibə bacım qızlarını göndərərdi yanıma.
Qızları da nasaz olanda qaynanası Sona nənə gəlib qalardı yanımda. Bir Sədi
babam vardı, tez -tez gəlib baş çəkərdi, “Qızım, nə ehtiyacın olsa, de”, –
deyırdi. Bir də görərdin bir araba tərəvəz yığıb gətirərdi. Deyərdi, qızım, yığdım
ki, sən də qışa tədarük gör.
Tibb bacısı var idi – rəhmətlik Gülbuta, sanki ən doğmam idi.
Ürəyim dolanda onunla dərdləşərdim. İşdən qayıdanda, Tamara bacım vardı,
yoldaşı Seyidəmir müəllimlə, yoldaşım bir məktəbdə işləyirdilər. Görərdim bir
bağlama hazırlayıb. Deyirdi bu meyvələrdən sizdə yoxdur. Oğlu Elnura, ya da Elşənə
verib göndərərdi. Evdə baxardım. Tərəvəzlər, süd məhsulları… Kövrələrdim. Elə
bil ana payı idi. Bir Yusif baba var idi, qayınatamın bacısı oğlu idi. Tez-tez
gələr, əlinə düşən nübar pay gətirər, deyərdi, qızım, sən mənimçün övladlarımın
birisən.
Bir neçə il sonra yoldaşım, yaşadığımız kəndin məktəbinə
direktor təyin edildi. Bizim mədəniyyət evi də bağlandı. Mən də o məktəbdə ,,Uşaq
birliyi rəhbəri” kimi işə başladım. O kənddə yaşadığım o illər içində
hamıyla ünsiyyət qurmağa çalışdım; toy edənin toyunda iştirak etdim, xəstəsi
olanın xəstəsini ziyarət etdim.
Oğlunun nəşini gözləyən anayla səhərə qədər oturub dərdinə təsəlli
olmaq istədim. Əsgər gedən balaları yola salmağa getdim. Qızların sirr yeri, məsləhət
yeri oldum. Bəlkə də ona görəydi ki, mən kənddən ayrılanda çoxlarına pis təsir
etdi. Yusif baba: “Qızım, kəndə qayıt, sənsiz bu kəndin yaraşığı gedib”- deyə
hönkür-hönkür ağladı. Mədud baba: “Sən getdin, bu kənddə gözəl iz qoydun
getdin.Sən unudulmayasan deyə, nəvəmə sənin adını verdim, müəllimə. (O kənddə
hamı mənə “müəllimə” deyə xitab edirdi).
…Toyuqlarımız xəstəlikdən ölmüşdü. Qızım balaca idi. Könlü
toyuq əti istəmişdi. Rəhmətlik Durasan dayı bunu bilmişdi. Gedib bir xoruz
tutub göndərmişdi…
Gülər xala nehrəni qoyardı, ayranı vedrəyə töküb içinə də bir
“gilə” yağ qoyub qonşulara verərdi….
30 ildi o kəndin gəliniyəm, qızıyam, bacısıyam, doğmasıyam. Hər
il demək olar yay tətilini tam, bayramlarda isə bir neçə günlük gedirəm.
Sanki özümü mənən rahat hiss edirəm. Yenə xəstələri, qocaları ziyarət edirəm. Yenə xoş günlərdə iştirak edirəm. Biləndə, hansısa uşaq anasını itirib, tanımasam belə, o uşağı ziyarət edib, başına sığal çəkib sevindirməyi özümə borc bilirəm.
Bu il də getdim o kəndə. Amma incidim. Mən gördüyüm kənd deyil artıq. İnkişaf var. Çox sevindim. Qaz var, işıq var, su var. Əksəriyyət evlər təzə tikilib. Müasir standardlara uyğun. Yollara asfalt döşənib, küçələrdə işıqlandırılma sistemi, zibil qutuları və yeni məktəb….
Hər şey var. Amma mənəviyyatımız ölüb. Amma bu gün Sədi babalar yoxdu və özüylə o ürəyini də apardı. Artıq o tərəvəzləri pula satırlar.
O Gülər xala da yoxdu. Onlardan sonra gələn nəsil nəinki yağı, hətta şoru da pula satır. Anladım ki, orda yaşayası olsam, yenə gecə tək qalası olsam, artıq Sona nənələr də olmayacaq …Anladım ki, qonşu haqqı deyilən bir məfhum var və artıq o kənddə o da yoxa çıxmaq üzrədir. Hər şey var, amma, HEC BİR ŞEY YOXDUR!!!
ANLAYIRAM: kənddə yaşayanlar da onunla dolanmaq istəyir. Amma qiymətləndirməni də insafla müəyyənləşdirmək lazımdır. Hər kəs zəngin deyil. Hər şeyi qazanmaq olar. Qırılan qəlbləri isə…
ƏSAS OLAN – İNSANLIĞIMIZI İTİRMƏYƏK, keçmişimizə yadlaşmayaq, çünki o kəndin bir keçmişi var, kökü var…
Aytən Məmmədova