Sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı Ucarda təlim keçirilib

0
80

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin dəstəklənməsi” adlı layihə çərçivəsində Ucar şəhərində Gənclər Mərkəzində təlim keçirilib.

Zerdab.com saytı xəbər verir ki, təlimdə 30 nəfər iştirak edib.

Tədbiri Ucar Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Nuru Piriyev açıb və sözü layihə rəhbəri Eldar Xəlilova verib.

Eldar Xəlilov deyib ki, layihənin məqsədi sosial xidmət sahəsində könüllülük fəaliyyətini təbliğ etməklə gəncləri çətin həyat şəraitində olan insanların sosial məsələlərinin həll edilməsinə cəlb etməkdən ibarətdir.

Təlimdə iştirakçılara təlimçi və ekpertlər tərəfindən könüllülük nədir, könüllülüyün tarixi, könüllülüyün prinsip və məqsədləri, könüllünün və təşkilatın hüquq və vəzifələri, Könüllülük Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu, könüllülüklə bağlı yerli və beynəlxalq təcrübə, könüllülüyün cəmiyyətin inkişafına töhfəsi, könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru barədə məlumat verilib.

Eyni zamanda “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, qanuna əsasən kimlərə sosial xidmət göstərilir, kimlər çətin həyat şəraitində olan şəxs (ailə) hesab edilir, hansı sosial xidmətlər vardır, könüllülər necə sosial xidmət gəstərə bilər və s. zəruri məlumatlar tədbir iştirakçılarına çatdırılıb, müzakirələr, iştirakçılar və mütəxəssislərlə fikir mübadiləsi aparılıb.

Tədbirdə iştirakçılara bukletlər və dəftərxana materialları paylanıb və çay-kofe fasiləsi olub. Sonda iştirakçılara sertifikatlar paylanılıb.