Zərdabda 46 il öncə, 1,5 metr dərinlikdə tapılan küp qəbirin aqibəti necə olub?

0
102

Zərdab rayonunun Xanməmmədli kəndinin cənub-qərbində 1973-cü ildə meliorasiya işləri zamanı 1,5 m dərinlikdə küp qəbir aşkar olunmuşdu.

F. Osmanov bu qəbiri e.ə. II – I əsrlərə aid etmişdir. Skelet yarımbükülü vəziyyətdə qoyulmuş, yanından serdolik muncuqlar, korroziyaya uğramış qısa xəncər, sadə naxışsız gil qablar tapılmışdır.

Mərhumun alın hissəsinə sikkə qoyulmuşdur. Numizmatik material Parfiya Arşakilərindən olan I Oroda məxsusdur (e.ə. II əsr). Sikkənin aversində hökmdar I Orodun adı, reversində isə günəş təsvir olunmuşdur.

Qəbirdən 1 m kənarda ocaq izləri də tapılmışdır. Ərazinin digər hissəsində üzərində ərəb əlifbası ilə yazı olan məişət qabları və çıraqlar da aşkar olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə Xanməmmədli küp qəbirləri nekropolu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.