Zərdab Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübündə rayonda görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində 2019-cu ilin birinci rübü ərzində respublikamızda qazanılan uğurlar, əldə olunmuş nailiyyətlər Zərdab rayonunun da sosial-iqtisadi həyatında özünü göstərib: “Ötən müddət ərzində Zərdabda xeyli işlər görülmüşdür və bu işlər hazırda da davam etdirilir.
Zərdabda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi bütövlükdə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına və makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərmişdir.
Rüb ərzində rayon iqtisadiyyatının əsas sahələrində 24 milyon 521 min 400 manatlıq məhsul istehsal edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda 74 daimi iş yeri yaradılmışdır. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da inkişaf və irəliləyiş davam etmişdir. 2019-cu ilin məhsulu üçün 18715,5 ha sahədə taxıl əkilmiş və lazımi aqrotexniki tədbirlər həyata keçirilmişdir.
Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq pambıqçılığı və baramaçılığı daha da inkişaf etdirmək məqsədilə lazımi tədbirlər həyata keçirilmişdir. Cari ildə 2250,0 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulmuşdur. Səpinin vaxtında keçirilməsi üçün bütün hazırlıq işləri görülmüşdür. Barama qurdunu qəbul etmək üçün yerlərin hazırlanması və kümçülərin siyahısının dəqiqləşdirilməsi işi vaxtında başa çatmışdır”.
Bildirilmişdir ki, artıq 1750 qutu (33250 qram) barama qurdunun kümçülərə paylanması təmin edilmişdir.
İcra başçısı qeyd etmişdir ki, rayonda bütün işlər uğurla icra olunur və bunlar deməyə əsas verir ki, zərdablılar 2019-cu ildə də əvvəlki illərin ənənəsini qoruyub saxlayacaq, hər bir sahədə yeni uğurlara imza atılacaqdır. Bunun üçün hər bir sahədə nizam-intizamın yüksəldilməsi, vəzifəli şəxslərin məsuliyyətinin artırılması, hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi üçün konkret tədbirlər görüləcəkdir.
Hesabat yığıncağında digər sahələrdə görülən işlər də ətraflı təhlil olunmuşdur.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Əlibaba Əliyev iştirak və çıxış etmişdir.
Sonda müvafiq qərar qəbul edilmiş və yığıncaq iştirakçıları adından Ölkə Prezidentinə müraciət ünvanlanmışdır.