“Atam da təbiəti, yaşıllığı çox sevirdi. Çünki doğulub boya-başa çatdığı yurd yerində göz açıb təbiətin mözücələrini görmüşdü. Kiçik yaşlarından dağlara, dərələrə, buz bulaqlara könlünü vermişdi. Tanıyanlar yaxşı bilir, o, çox duru adamıydı. İlk baxışdan sərt, qaradinməz görünsə də ürəyi yuxa idi”…
Xətai Rayon Mühafizə İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı İlham Rzayev əlindəki tingi torpağa sancıb dərindən bir ah çəkdi…
Həmişə müşahidə etmişəm və şahidi olmuşam. Yaxını, əzizi haqqında kimsə keçmiş zamanda danışmır və danışmaq da istəmir. Hərgah bəlkə də yoxluğu ilə barışıb. Bilir ki, təbiət aldığını bir də geri qaytarmır. Elə insan da yaranışdan torpağa bənzəyir. Hər il fəsillənir. Yaz olur, yaya dönür, payız kimi kövrəkləşir və…
Ömrün qışına kim tab edib ki?
Düz 17 il keçib o gündən. Doğmaları, dostları hamı “kaş ki, yaşasaydı” deyir. Ömrün son ucunun ölüm, əcəlin vaxtlı-vaxtsız gəldiyini hər birimiz bilsək də unutqanlığımıza (insan “unutqan” deməkdi) güc gələ bilmirik. Bəlkə də bu ilahinin sirridir ki, ölümü xəbərsiz qarşılayırıq.
Elə haqqında söhbət açacağım, xatirələrdə, yaddaşlarda özünə yer eləmiş polis polkovniki Eldar Rzayevi doğum günündə xatırlamaq da Tanrının işidir. Hər insanın taleyi, zamanı, olduğu kimi hər yazının da taleyi və zamanı var. Haqqında ilk tanışlığım bir şəkildən başladı. Həmkarımın “atamdır”,-deməsinə bir daha əmin oldum ki, polisin oğlu gərək polis olsun. “Allah can sağlığı versin”,- deyəndə: “O, indi haqq dünyasındadır”,-fikrindən sonra ortaya ani bir sükut çökdü…
Atasızlığın, anasızlığın nə olduğunu o dərdi yaşayanlar, illər keçsə belə xatırlayanda nisgili yanağını yandıranlar daha yaxşı bilir.
Bəlkə də onun doğum günü ilə dünyaya əbədi gözünü yumması arasındakı gün fərqi sizi heyrətləndirəcək. 1948-ci il mayın biri və 2002-ci ilin mayın ikisi…
Polis polkovniki Eldar Rzayev Vedi mahalında dünyaya göz açmışdı. Soydaşlarımızın tarixi torpaqlarımızdan, dədə-baba yurdlarımızdan deportasiya olunması hökmü veriləndə onların ailəsi də Azərbaycana köçürülüb. Göygöldə məskunlaşıblar. Məktəbi bitirdikdən sonra 1967-ci ildə hərbi xidmətə yollanıb. Hündür, qarabuğdayı, tökmə bədənli Azərbaycan övladının hərbi dəniz donanmasında xidmət etməsi qeyri-millətlərə qəribə gəlsə də o, sübut edib ki, kürəyini dağlara söykəyən oğullar ucsuz-bucaqsız dənizlərin də dilini yaxşı bilir, tufandan, dəli dalğalardan qorxmurlar.
Hərbidən tərxis olunduqdan sonra bir müddət fəhlə işləyib. Arzusunu gerçəkləşdirməkdən ötrü o, atasının dostu ilə Xanlar RPŞ-yə gəlib polis olmaq istədiyini bildirir. Rəis onu başdan-ayağa süzdükdən sonra deyir ki, səndən polis olmaz. Gənc Eldar pərt olsa da atasının dostu üzünü rəisə tutub: “Vaxt gələcək ki, bu oğlan buranın rəisi olacaq”,- deyib çıxırlar. Sonra Ukraynaya üz tutur. Burada daxili işlər orqanlarına qəbul olunur. Polis serjantı olsa da ən çətin tapşırıqların öhdəsindən gəlir. Qısa zaman kəsiyində xidmət etdiyi ərazidə sakinlərin rəğbətini və etimadını qazanır. Ona güvənir, etibar edirlər. Kiyevdə Ali Milis Məktəbindən məzun olub. Marqaneç şəhərində zabit kimi xidmətə başlayıb. Burda da təşkilatçılığı, bilik və bacarığı ilə seçilib. Öz millətini, doğulduğu yurdu sevir, bir sözlə, azərbaycanlı olmağı ilə fəxr edirdi. Kabinetindəki şəklə görə bəzən köntöy baxışlarla da rastlaşmışdı. Açıqdan-açığa olmasa da, uzaqdan-uzağa düşmənçilik edənlər də vardı.
Məlum hadisələr başlayanda xidmətini Azərbaycanda davam etdirib. Zərdab Rayon Polis Şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsində inspektor vəzifəsinə təyin olunub. İnsanlarla ünsiyyət qurması, uşaqların zərərli vərdişlərə qurşanmaması üçün keçirdiyi maarifləndirmə tədbirləri rəhbərliyin diqqətini çəkir. Çəkilən zəhmət, təşkilatçılıq, vətənə və dövlətə sadiqlik bəhrəsini verir. Binəqədidə, Xətaidə və Qaradağda müxtəlif vəzifələrdə çalışır. Göygölə rəis təyin olunduğu gün isə sevincinin həddi-hüdudu olmur. O, həm də verdiyi sözə əməl etmişdi…
Müstəqilliyimizin ilk illərində daxili işlər orqanlarında rəhbər vəzifələrdə işləyənlərlə, nə yolla olursa-olsun ulu öndərin Azərbaycana gəlişini əngəlləyənlərlə baş-başa gəlir. Onu Heydər Əliyevçi olduğuna görə sevməyənlərin arzusu gözündə qalır və qurtuluşuna qovuşan xalqımız kimi o da rahat nəfəs alır. Bilir ki, bu orqan da yarıtmazlardan, qeyri-peşəkarlardan təmizlənəcək və ulu öndərimiz daha layiqli şəxsi dövlətimizin bel sütunlarından biri olan bu struktura rəhbər təyin edəcək. Bu, belə də olur. Vətənini, xalqını canından əziz tutan, zəngin təcrübəsi, ən əsası, sədaqəti ilə örnək olan Ramil Usubov nazir təyin edilir. DİO-da yeni bir dönəm başlayır. Peşəkarlar irəli çəkilir, bir zamanlar sıralarımızdan uzaqlaşdırılanlar yenidən bərpa olunur.
Eldar Rzayev hər zaman DİN rəhbərliyinin diqqət və qayğısını hiss edib. Göyçayda və Yasamalda rəis vəzifəsinə irəli çəkilib…
2001-ci ildə xidməti otağında halı pisləşir və həkimlər artıq gec olduğunu deyirlər. O, 2002-ci il mayın 2-də dünyaya gözlərini əbədi yumur. Nəvəsi Eldarı görsə də, toyunu görmək ona nəsib olmur.
Yeri gəlmişkən, polis polkovniki Eldar Rzayev ədəbiyyatla, teatrla dərindən maraqlanıb. Rusiyanın məşhur aktyoru Yevgeniy Pavloviç Leonovla möhkəm dost olublar…
Ondan doğmalarına qalan ağlı-qaralı şəkillər və bir də acılı-şirinli xatirələrdir.
Hafiz Hacxalıl