Zərdabın qədim tarixə malik daha bir kəndi – Dəli Quşçu

0
137

Zərdabın indiki Dəli Quşçu (keçmiş Lələ Əhmədli) kəndinin tarixi çox qədimlərə söykənir. Lələhmədli sülaləsi qədim Quşçu tayfasından olmaqla, indiki Dəli Quşçu (Lələ Əhmədli), Dəkkəoba (Məscidli oba), Qoşaoba (Vəlixanlı, Nəcəfalılı, Hacılı, Qaravəlili), Xanməmmədli və Hüseynxanlı kəndlərinin yerləşdiyi ərazilərdə məskunlaşmışdır.

Lələhmədli elinin nümayəndələrinin dəfn olunduğu indiki Dəli Quşçu kənd qəbiristanlığının 500 illik tarixi vardır. Deyilənə görə, bu 500 illik tarixdən qabaq Lələhmədlilərin qəbiristanlığı “Çalı Piri” deyilən ərazidə mövcud olmuşdur.

Tanınmış tətqiqatçı-jurnalist Əjdər Fərzəlinin “Dədə Qorqud yolu” kitabında Zərdabda qədim kəndlərin olduğunu qeyd edərək yazır: “Dəkkəoba, Dəli Quşçu, Bəyimli, Otmanoba, Çallı, Şəftaxal, Qaravəlli, Əlvənd, Zərdab … Əgər arxeoloji axtarışlar aparılsa, söz yox ki, bu qədim yaşayış məskənlərimizdən də xeyli inandırıcı maddi mədəniyyət nümunələri aşkara çıxa bilər. Biz arxeoloqlar heç də belə bir işə sövq etmirik. Bizim tarixi dəlillərimiz, “maddi” nümunələrimiz də elə sözdür, addır. Bu etimologiya da “sözün arxeologiyası”dır. Onunla da hesablaşmamaq mümkün deyil”.