Zərdab rayon Fəhlə qəsəbəsində şəhid Etibar Hüseynovun xatirəsinə tikilən abidə-bulaq əsaslı şəkildə təmir olunub.
Zerdab.com saytı Fakttv.com-a istinadən xəbər verir ki, xatirə abidəsinin açılışı münasibətilə keçirilən tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zərdab rayon bölməsinin əməkdaşları, Zərdab şəhər İcra nümayəndəsi Hafiz Kərimov, şəhidin döyüş yoldaşları və qəsəbə sakinləri iştirak ediblər.
Şəhidin ruhu bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar abidə önünə gül dəstəsi qoyublar.
İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Zərdabda da Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bu və ya digər formada əbədiləşdirmək ənənəsi davam edir: “Təhsil ocaqlarında şəhidlərin büstləri, abidələri, xatirə kompleksləri ucaldılıb, təmirə, yenidən bərpaya ehtiyacı olan abidələr isə təmir olunub. O cümlədən, rayon rəhbərliyinin tapşırığına əsasən, şəhid Etibar Hüseynovun adını daşıyan küçədə tikilən bulaq yenidən əsaslı şəkildə təmir edilib, şəhidin adına layiq səviyyəyə gətirilib”.
R. Feyzullayev qeyd edib ki, Prezident İlham Əliyev hər zaman şəhidlərimizə və şəhid ailələrinə hörmət və ehtiramla yanaşır və Ali Baş Komandanın başçılığı ilə işğal altında olan torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı gün elə də uzaqda deyil.
Şəhidin qardaşı bütün şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkəmizin Prezidenti İlham Əliyev cənablarına, öz ailəsi adından minnətdarlığını bildirib. Qardaşının xatirəsinin əbədiləşdirilməsi üçün tikilmiş bulağı əsaslı şəkildə təmir etdirdiyinə görə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevə sonsuz təşəkkürlərinin çatdırılmasını xahiş edib.
Sonda şəhidin ruhuna ehsan verilib.
Fotolar: Fakttv.com saytına məxsusdur.