Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva növbəti dəfə Milli Məclisdə Zərdab rayonundan olan seçicilərinin ona etdikləri müraciətlər əsasında həllini gözləyən məsələləri gündəmə gətirib. Zerdab.com saytına verilən məlumata görə, komitələr tərəfindən parlamentin iclasına 2-ci oxunuş üçün tövsiyə olunan 2019-cü ilin büdcə zərfinin müzakirəsi zamanı deputat çıxışında deyib:
“Mən birinci növbədə Zərdab, bu rayonun əhalisinin Bakıya çıxışını təmin edən Zərdab-Mollakənd yolu haqqında danışmaq istəyirəm. Bu yol bir neçə il bundan əvvəl əsaslı şəkildə tikilərək istifadəyə verildi. Nəzərə alsaq ki, bu yol hazırda həm Zərdab rayonunun, həm də qonşu rayonların – İmişlinin, Ağcabədinin şəhərə çıxışı üçün alternativ, əhəmiyyətli bir yoldur və bu yol, demək olar ki, dağılıb və istifadəsizdir. Odur ki, Zərdab-Mollakənd yolunun əsaslı təmirinə ehtiyac var. Eyni zamanda, yenə də yollarla bağlı tikintisinə vəsait ayrılmış olan, lakin hələlik tikintisinə başlanılmayan Ucar-Zərdab-Ağcabədi yolunun tikintisinin tezləşdirilməsinə ehtiyac var”.
Jalə Əliyeva deyib ki, 6 yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli yolunun təmirinə vəsait ayrılsa da, işlərə hələ başlanmayıb: “Həmin layihənin də sürətləndirilməsini xahiş edirik. Eyni zamanda, biz kəndlərarası yolların əsaslı təmir edilməsinə də ehtiyac görürük. Təhsilin inkişafını təmin etmək məqsədilə Təzəkənd orta məktəbinin yenidən tikilməsi üçün hələ iki əvvəl vəsait ayrılsa da, tikinti işlərinə başlanılmayıb və yeri gəlmişkən, qeyd etmək istəyərdik ki, bu təklifimizi ötən illərdə də irəli sürmüşük. Rayonun Dəliquşçu kənd orta məktəbi qəzalı vəziyyətdədir və tezliklə bu kəndin məktəbinin təmirinə və yenidən tikintisinə də böyük bir ehtiyac hiss olunur. Bir neçə kəlmə də rayon səhiyyəsi ilə bağlı demək istəyərdim. Bundan iki il əvvəl ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakları ilə rayonda çox möhtəşəm, bütün standartlara cavab verən, əzəmətli bir xəstəxana binası açıldı və bu, əlbəttə ki, sakinlərin çoxdan bəri arzuladıqları, gözlədikləri bir müəssisə idi və bu xəstəxana bütün avadanlıqlarla, dünya standartlı avadanlıqlarla təhciz edilib. Lakin təəssüflər olsun ki, bu xəstəxananın dializ şöbəsi tam rejimi ilə işləyə bilmir. Yəni, xəstəxanadakı dializ makinalarının işləməsi üçün filtr cihazlarına ehtiyac var. Çünki həmin aparatlar bu cihazlarla işləyirlər və son dəfə rayonda olarkən yerli sakinlər mənə müraciət edərək, xəstələri olduqları zaman dializ xəstələrini qonşu rayonlara aparmaq məcburiyyətində qaldıqlarını bildirmişdilər. Bu məsələni Səhiyyə Nazirliyinin nəzərinə çatdırmaq istəyirik. Eyni zamanda, rayonun əhalisinin sayının artmasını nəzərə alaraq rayon mərkəzi xəstəxanasında bu günə qədər mövcud olmayan Təcili Yardım Şöbəsinin açılmasına da ehtiyac var. Təcili yardım haqqında danışmışkən, bütün rayona, sadəcə, bir təcili yardım maşını ilə xidmət göstərilir ki, bu da əhalisi 50 mindən artıq olan bir rayon üçün, əlbəttə, çox azdır. Bu məsələnin də nəzərə alınmasını xahiş edirik. Eyni zamanda, rayonun Məlikli və Körpükənd sahə xəstəxanaları üçün yeni bina tikilməsi və ya onların əsaslı təmiri də öz növbəsini gözləyir. Nəzərinizə çatdırım ki, bu xahişimizi də daha əvvəlki illərdə büdcə müzakirəsi zamanı nəzərə çatdırmışıq”.
Millət vəkili bununla yanaşı, meliorasiya sahəsi ilə də bağlı fikirlərini açıqlayıb və bildirib ki, Zərdabda 10 min hektar şoranlaşmış əkin sahəsində kompleks meliorasiya işlərinin aparılmasına ehtiyac hiss olunur: “Məlikmudlu kəndinin əkin və həyətyanı sahələrinin suvarılmasında mövcud çətinlikləri aradan qaldırmaq üçün su xəttinin çəkilməsini xahiş edirik. Eyni zamanda, Əlvənd, Otmanoba, Şahhüseynli, Dəkkəoba, Gəndəbil bələdiyyələrinə məxsus əkin sahələrində suvarma işinin təşkili də prioritet məsələlərdən biridir. Bilirsiniz ki, bütün sahələrdə olduğu kimi, yəni, kənd təsərrüfatının inkişafı ilə bağlı da böyük dövlət layihələri həyata keçirilir. Bu layihələrdən biri də ölkədə baramaçılığın inkişafı ilə bağlıdır və Zərdab da barama istehsal edən bir rayondur. Lakin bu rayonda barama qəbulu məntəqəsinin olmaması, işləri bir mənada axsadır və xahiş edərdik ki, rayonda barama qəbulu məntəqəsinin tikintisi üçün vəsait ayrılsın”.
J. Əliyeva daha sonra qeyd edib ki, son zamanlarda Zərdabın mərkəzi küçələrinin işıqlandırılmasında problem yaşanır: “Bugünlərdə rayonda olmuşam, qəbul keçirmişəm və sakinlər müraciət edərək, çoxdan bəri istifadəsi bitmiş olan elektrik dirəklərinin yeniləndiyini, “Azərenerji” tərəfindən çox böyük bir diqqət göstərildiyini və rayonun işıq, elektrik sisteminin tamamilə yeniləndiyini, təzələndiyini böyük məmnunluqla dilə gətirdilər. Amma bu işlərin böyük bir hissəsi bitsə də, hardasa 30-40 faizi hələlik bitməmiş qalıb və geriyə qalan hissəsi artıq rayonun, deməli, daxili vəsaitləri hesabına həll edilməsinə ehtiyac olan məsələlərdir. Lakin ilin sonuna doğru gəlirik və vəsait də təbii ki, artıq olmadığına görə bu elektrik dirəklərinin bərpa edilməsi mümkün olmayıb. Xahiş edərdik ki, önümüzdəki il bu nəzərə alınsın və rayona vəsait ayrılarkən xüsusilə rayonun işıqlandırılması, şəhər küçələrinin, mərkəzi küçələrin işıqlandırılması məsələsində rayona kömək göstərilsin. Bir neçə kəlmə də Qarabağ əlilləri üçün bütün ölkəmizdə tikilən, tikilməkdə olan evlər haqqında danışmaq istəyərdim. Bu gün Qarabağ əlilləri, veteranlar, şəhid ailələri dövlətin böyük bir qayğısı ilə əhatə olunub. Zərdab rayonunda da bu qəbildən ailələr üçün bu günə qədər xeyli mənzillər inşa edilib, fərdi evlər tikilib və xahiş edərdik ki, 36 mənzilli binanın tikilməsi, yəni, nəzərdə tutulan 36 mənzilli binanın və fərdi evlərin tikinti işlərinin sürətləndirilməsi üçün əlavə vəsait ayrılması məsələsini də hökumət nəzərində saxlasın. Eyni zamanda, deputatı olduğum Ucar rayonu ilə də bağlı bir neçə təklif səsləndirmək istərdim. Ucar rayonunun Bərgüşad kəndində 80-ci illərdə tikilən, qonşu 5 kəndin əhalisini su ilə təmin edən Şirvan kanalının genişlənməsinə ehtiyac yaranıb və bunun üçün vəsaitə ehtiyac var. Həmçinin, Bərgüşad və Lək kəndlərinin Mədəniyyət evləri qəzalı vəziyyətdədir və bərpa olunmalıdır. Bu haqda daha əvvəlki çıxışlarımızda da, müraciətlərimizdə də öz fikirlərimizi səsləndirmişdik. Eyni zamanda, Lək kəndində mövcud olan iki məktəbin qazanxanalarına qaz xətti çəkilsə də, sayğaclar quraşdırılmadığı üçün həmin məktəblərə hazırda istilik verilmir. Biz bu məsələni də ötən dəfə diqqətə çatdırmışdıq və bir daha nəzərə çatdırmaq istəyirik ki, bu kəndlər hazırda həmin məsələlərin həllini gözləyirlər”.