Zərdab rayonunda pambıq yığımı davam etdirilir. Hələlik emal müəssisələrinə 3531 ton “ağ qızıl” təhvil verilib.
Rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə 3232 hektar sahədə məhsul yetişdirilib. Hazırda bütün qüvvələr bu mühüm strateji məhsulun tez və itkisiz yığılmasına səfərbər edilib. Hər gün tarlalara 5000 nəfərədək işçi qüvvəsi çıxır.
Qeyd edək ki, rayonda pambığın 1735 tonu maşınlarla yığılıb və hazırda sahələrdə 7 kombayn işləyir. Pambıqyığan maşınların gücündən ən çox Bəyimli qəsəbə, İsaqbağı, Şahhüseyinli, Gəlmə, Hüseynxanlı, Qoşaoba və Körpükənd kənd inzibati ərazi dairələrində istifadə olunur.
Azərtac