Dində və rəvayətlərdə Ay

0
141

Məlum olduğu kimi, Ay Yerin yeganə təbii peykidir, Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birinci hesab edilir. Bundan əlavə, Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikinci yeri tutur .

Yer səthindən baxdığımız zaman daim insanların baxış bucağında olduğuna və  onların diqqətini çəkdiyinə görə uzun əsrlər boyu insanlar Ayın sirlərinin açılması üçün çalışmışdır. Belə ki, Ay və Aya inam insanların gündəlik həyatına, məişətinə, memarlığına və dini dünyagörüşlərinə də öz təsirini göstərmişdir.

Bir sıra mənbələrdə möcüzəli bir şəkildə bildirilir ki, İslam dininin müqəddəs kitabı olan Quran-i Kərimdə Ay haqqında elə məlumatlar mövcuddur ki, elm belə onu son dövrlərdə müəyyən etmişdir. Belə ki, Türkiyənin məşhur araşdırmaçı və yazıçısı Dr. Ömər Çelakılın “Kuranca” adlı səhifəsində bir sıra kosmik, elmi və tarixi məlumatların dində əvvəlcədən məlum olması istiqamətində həyata keçirilən tədqiqatların nəticələri əks etdirilmişdir. Məsələn: “Ay ilə Dünya arasındakı məsafə” adlı başlıqda həmin tədqiqatın nəticəsi belə ifadə olunmuşdur:

Qəmər (Ay) surəsində yenə bir möcüzə ilə qarşılaşırıq. Bu surədə Ay ilə Dünya arasındakı hərflərin uzunluq nisbəti Kosmosdakı Ay-Dünya məsafəsinə işarə edir. Qəmər (Ay) surəsinin içərisində yalnız bir dəfə Dünya sözü keçməkdədir. Surənin başlığı olan “Ay” sözü ilə “Dünya” sözü arasındakı hərflərin ümumi sayı 333 ədəddir və araya ümumilikdə 111 ədəd “ay” sözü yerləşə bilir. Çünki ərəb dilində Qəmər (Ay) sözü 3 hərfdən ibarətdir. Eyni şəkildə də Yer ilə Ay arasına təqribən 111 ədəd Ay yerləşə bilər.

Lakin Quranın endirildiyi dövrə nəzər saldıqda belə bir hesablama işlərinin, yüz minlərlə kilometrlik məsafələrin ölçülməsi mümkün deyildi, bundan da əlavə əsas diqqət çəkən məqam ondan ibarətdir ki, Quranda Ay adında yalnız bir surə var və bu surədə Dünya sözü yalnız bir yerdə keçir. O səbəblə də bu riyazi tapıntı bir təsadüf kimi dəyərləndirilə bilməz. Beləliklə də istər aparılan tədqiqatın məzmunu olsun, istərsə də əldə olunan məntiqi nəticə – özlüyündə həqiqəti aşkar şəkildə ifadə edir.

Ay haqqqında olan bir sıra rəvayətlər də var ki, istəyirəm bundan da nümunə kimi qeyd edim. Məsələn: “Şəqqül-Qəmər” möcüzəsi. “Əl-Mizan” təfsirində yazılıb ki, hadisə hicrətdən 5 il əvvəl zilhiccə ayının 14-də Məkkədə baş vermişdir (hadisənin baş verdiyi tarix barədə başqa məlumatlar da mövcuddur).

Rəvayətə görə, bir gün müşriklər Həzrət Məhəmməddən (s) tələb etdilər ki, sözlərinin doğruluğunu sübuta yetirmək üçün onlara möcüzə göstərsin. Peyğəmbər hansı möcüzəni görmək istədiklərini soruşanda dedilər ki, bizim üçün səmadakı Ayı iki yerə böl. Allahın Rəsulu dua etdikdən sonra barmağı ilə Aya işarə etdi. Allahın əmri ilə Ay iki yerə parçalandı, yarısı şərqə, yarısı da qərbə çəkildi. Bir az sonra bunlar yaxınlaşıb bitişdilər, Ay yenə əvvəlki kimi bütöv oldu.

Bu və bunun kimi digər rəvayətlər, eləcə də tədqiqatlar özlüyündə  bizi əhatə edən aləmin sadəcə süst bir quruluşa malik olmadığını, əksinə hələ də açılmamış yüzlərlə sirrə malik olduğunu göstərir və mən çalışdım ki, bu məqaləmin vasitəsilə bizə uzaq görünən, əslində isə müəyyən bir nöqteyi-nəzərdən çox yaxın olan Ayın dində və rəvayətlərdə yerindən bəhs edim.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Aytac Məmmədova

İstinad edilmişdir :  http://www.kuranca.com/

http://az.islam.az/article/a-299.html