Nuru Paşanın yaralı əsgəri Zərdabda qalıbmış – FOTOLAR

0
73

1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad etmək üçün Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn türkiyəli əsgərlərin qəhrəmanlıqları barədə çox yazılıb, çox deyilib. Lakin haqqında söhbət açacağımız Abdulkadir adlı Kayserili əsgər barədə bu günədək ölkə mətbuatında heç nə yazılmayıb, belə demək mümkünsə, ölkə ictimaiyyəti ondan xəbərsizdir…

Məlum olduğu kimi, Türk Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Bakını işğaldan azad edənədək bolşevik-daşnaq qüvvələri ilə Göyçay, Ucar bölgələrində də ağır döyüşlər keçirmiş, şəhidlər vermiş, ağır yaralananlar olmuşdu.

Bu yazımızda həmin döyüşlərin birində Göyçayda ağır yaralanmış, türkiyəli əsgərlərdən ayrı düşmüş bir kayserili əsgərdən bəhs edəcəyik. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra da Azərbaycanda qalmış həmin türkiyəli əsgər Zərdab rayonunda bir xanımla ailə qurub və burada yaşayıbmış.

Bu barədə Zerdab.com saytına müsahibəsində həmin əsgərin nəvəsi, Türkiyədəki qohumlarını axtarıb tapmaq arzusu ilə yaşayan Abidə Qurbanova məlumat verib: “Bakının bolşevik-daşnak qüvvələrinin işğalından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən tədbiri izləyəndə göz yaşlarımı saxlaya bilmədim, həm sevindim, həm də Azərbaycanı işğaldan azad etmək üçün Osmanlı ordusunun tərkibində bura gələn babamdan ölkə ictimaiyyəti xəbərsiz olduğu üçün kədərləndim.

Məlumat üçün bildirim ki, 1918-ci ildə Türk Qafqaz İslam Ordusunun tərkibində döyüşmək üçün Azərbaycana gələn babam Türkiyənin Kayseri şəhərinin Develi ilçəsindəndir (qəsəbəsindən). Nuru Paşanın komandanlığı ilə bura gəldikdən sonra babam bolşevik-daşnak qüvvələrinə qarşı ən ağır döyüşlərdə iştirak edib. Bir müddət sonra Ucar-Göyçay istiqamətində gedən döyüşlərin birində ölümcül yaralanıb. Babam nənəmə danışarmış ki, vəziyyəti ağır olduğundan onu yerli əhali öz evində müalicə etməyə çalışıb. Ağır yaralandığından müalicəsi bir müddət davam edib və türkiyəli əsgər yoldaşlarından ayrı düşüb. Türkiyəli əsgərlər öz ölkələrinə geri qayıtdıqdan sonra babam burada qalıb və qaçaqlara qoşulub.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən, Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal ediləndən sonra babam qaçaqlarla birgə bir çox bölgələrdə döyüşüb, onlarla birgə Qarabağ meşələrində gizlənib. Babamı turub sürgün etmək istəyiblər. Bir gün babam qaçaqların məsləhəti ilə onlarla birgə döyüşən daha bir türk əsgərlə Kür çayının Qarabağ sahilindən üzə-üzə indiki Zərdab rayonunun Nəzəralı kəndinə keçib. Kənd camaatı onların türkiyəli əsgər olduqlarını biləndən sonra evlərində saxlayıblar, gizlədiblər. Nəzəralı kəndinin camaatı onlara sığınacaq veriblər, arxa durublar, xəlvət saxlayıblar ki, yeni hökumət onları tutub sürgün etməsin.

Daha sonra onlara bəraət verilib. Həm babam, həm də digər türkiyəli əsgər Zərdabda insanların onlara olan sevgisini, diqqətini görüb elə buradaca qalıblar. Babam Abdulkadiri kənd camaatının, el-obanın xeyir-duası ilə nənəm Şəkərlə evləndiriblər. Sonradan hökumət onları əfv edib. Digər türk əsgəri isə gedib Zərdabın Ağabağı kəndinə və orada evlənib, dünyasını dəyişəndən sonra orada dəfn olunub. Həmin türk öz qızına Qəribsoltan adı qoyub. Onun qızı hazırda Zərdabın Şıxbağı kəndində yaşayır, yaşlı qadındır. Onlar həmişə mənim babama, əmilərimə qardaş deyirdilər. Onlar bildirirdilər ki, bizim atamız eyni vaxtda Osmanlı ordusunun tərkibində döyüşmək üçün Azərbaycana gəlib, biz qardaşıq. Atamgilə həmişə el-obada “türk oğlu” deyə müraciət ediblər. Camaat onların Türkiyədən gəldiyini bildiyi üçün belə deyirmiş”.

Abidə Qurbanova deyir ki, babası sonradan problemlə üzləşməmək üçün camaatın məsləhəti ilə adını dəyişib, özünə soyad götürüb: “Babama Hüseyn deyiblər, sənəddə soyadı Ömərov edilib. Kayseri şəhərinin Develi ilçəsində babamın 3 qardaşı, 2 bacısı olub. Qardaşları – Şükür, Mahmud, Mustafa, bacıları – Abide və Saniye olub. Babam çox cavan – 1944-cü ildə 44 yaşında dünyasını dəyişib. Mənə babamın bacısının – Abidenin adı qoyulub”.

A. Qurbanovanın sözlərinə görə, ölənədək babası Türkiyəyə gedə bilməyib, amma oradakı qohumları ilə məktublaşırmış: “Babam dünyasını dəyişəndən sonra Zərdabın Nəzəralı kəndində dəfn olunub. Babamın yurdunda əmimoğlu Həmid yaşayır. Bizim nəsil Zərdabda “türkün uşaqları” kimi tanınır”.

Abidə Qurbanovanın dediyinə görə, Türkiyədə yaşayan qohumlarını tapmaq üçün Develi bələdiyyəsinə məktubla müraciət ediblər: “Bir neçə il öncə bizə cavab gəldi ki, qohumlarınızı tapmaq üçün sizə köməklik göstərəcəyik, amma heç nə olmadı. Türk Qafqaz İslam Ordusu ilə Azərbaycana gəlib şəhid olanlara böyük diqqət, qayğı, sevgi var, amma babamın və onun silahdaşının başına gələnlər, həyat yolları barədə indiyədək ölkə mətbuatında yazılmayıb, ölkə ictimaiyyəti belə bir əsgərin olmasından xəbərsizdir. Ən böyük arzularımızdan biri də Türkiyədəki qohumlarımızın tapılmasıdır. Babamın tanınmamasına, onun adının heç bir yerdə qəhrəman türk övladı kimi xatırlanmamasına, Türkiyədəki qohumlarımızı tapa bilmədiyimizə görə özümü onun ruhu qarşısında günahkar hiss edirəm. İnanıram ki, bu yazıdan sonra məsələ ictimailəşəcək və biz arzumuza çatacağıq”.

Nicat İsmayılov