Qarabağ müharibəsi veteranı Sakit Osmanovun övladının 1200 manat təhsil haqqını ödəyə bilməməsi barədə bir neçə gün öncə məlumat vermişdik. S. Osmanov xeyirxah, vətənsevər şəxslərdən bu işdə ona kömək olmalarını istəmişdi.
Məlumat üçün bildirək ki, Zərdab rayonunun Gəlmə kənd sakini olan Sakit Osmanov hazırda heç bir yerdə işləmir, müharibə veteranı kimi ayda cəmi 55 manat müavinət alır.
Onun oğlu Oruc Osmanov müəllim yanına hazırlığa getmədən, özü hazırlaşaraq Mingəçevir Dövlət Universitetinin Maliyyə fakültəsinə daxil olub, ancaq ailəsi onun təhsil haqqını ödəyə bilmirdi.
Zerdab.com xəbər verir ki, Sakit Osmanov Yeniavaz.com-a açıqlamasında müraciəti ictimailəşəndən sonra ona çoxlu sayda tanıdığı və tanımadığı insanlardan zəng gəldiyini bildirib:
“Tanıdığım və tanımadığım insanlardan mənə çoxlu sayda dəstək zəngləri gəldi. Vətənimizin qeyrətli, yardımsevər, xeyirxah insanlarının köməkliyi ilə oğlumun təhsil haqqı üçün lazım olan vəsait yığıldı. Mingəçevir Dövlət Universitetinə gedib oğlumun təhsil xərcini ödədik. Çox şükür, oğlum Maliyyə fakültəsində təhsil ala biləcək. Mən xalqımızın qeyrətli oğul və qızları ilə fəxr edirəm, Allah hər birinizdən razı olsun”.