Zərdab rayonu, Gəlmə kənd sakini, Qarabağ müharibəsi veteranı Osmanov Sakit İlyas oğlunun vətənpərvər, xeyirxah insanlara, aidiyyəti qurumlara müraciəti: “Oğlum Oruc Osmanov müəllim yanına hazırlığa getmədən, özü hazırlaşaraq Mingəçevir Dövlət Universitetinin Maliyyə fakültəsinə daxil olub, ancaq imkansızlıq ucbatından onun 1200 manat təhsil xərcini ödəyə bilmirəm. Mən Sakit Osmanov Qarabağ müharibəsinin ən ağır vaxtlarında – 1992-ci ildə bir vətən oğlumu kimi xalqım qarşısında borcumu yerinə yetirmək üçün cəbhəyə yollanmışam. 2 il Ağcabədi batalyonunun tərkibində Laçında, Kəlbəcərdə, Ağdamda ən şiddətli döyüşlərdə vuruşmuşam. Hazırda heç bir yerdə işləmirəm və müharibə veteranı kimi ayda cəmi 55 manat müavinət alıram. Kiminsə həyətində iş olanda gedib işləyirəm, aldığım günəmuzd pulla ailəmi dolandırmağa çalışıram. Mənim ali təhsilim yoxdur, oğlum çəkdiyim əziyyətləri görüb həmişə deyirdiki “ata, ali təhsil alıb, işləyib səni bu çətinliklərdən xilas edəcəyəm”. Maddi imkanım olmadığı üçün oğlumu müəllim yanına hazırlığa göndərə bilməmişəm, özü gecə-gündüz hazırlaşıb universitetə qəbul olub. Ancaq 1200 manat təhsil xərcini ödəyə bilmədiyim üçün oğlumun ali təhsil almaq, valideynlərini sevindirmək arzusu ürəyində qala bilər. Həyat yoldaşım ağır astma xəstəsi olduğu üçün fəhləlik etməklə qazandığım pulları onun iynə-dərmanına xərcləmişəm, ona görə onun təhsil haqqını ödəyə bilmirəm. Azərbaycanın imkanlı, xeyirxah oğul və qızlarından oğlumun 1200 manat təhsil xərcinin ödənməsində kömək istəyirəm. Oğlum da deyir ki, “ata, inşallah, yaxşı insanlar bizə kömək olsalar, gələn il işləyəcəm, dərslərimi yaxşı oxuyub təqaüd alacam, bu vəziyyətdən çıxacağıq. Əsas bu ildir, imkanlı insanlardan, xeyirxah, vətənpərvər soydaşlarımızdan bizə bu işdə köməklik etmələrini xahiş edirik. İnanıram ki, Oruc xeyirxah, yardımsevər insanların dəstəyi ilə ali təhsil ala biləcək və layiqli bir kadr kimi yetişib Azərbaycanımıza xidmət edəcək. Təhsil xərci avqust ayının 25-dək ödənməlidir”.
Ailənin əlaqə telefonu: 050 406 41 23
Zerdab.com