Zərdabda 4 kəndi birləşdirən, 6500 nəfərdən çox sakinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edən yerli əhəmiyyətli Birinci Alıcanlı-İkinci Alıcanlı avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks təmir-tikinti işləri çərçivəsində yolun torpaq yatağının deformasiyaya uğrayan hissələri qazılaraq çıxarılıb, bəzi yerlərdə torpaq yatağı yararlı qrunt materialı ilə qaldırılıb və kipləşdirilib. Bundan başqa müəyyən hissəsi bataqlıq-göl ərazisindən keçdiyi üçün yol yatağı xüsusi bərkitmə texnologiyası əsasında qrunt tökülərək inşa edilib, yol altına borular yerləşdirilib. Yolda yenidənqurma işləri davam etdirilir.
Qeyd edək ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 21-ci kilometrindən ayrılan bu yol 11 kilometr uzunluğa malikdir və IV texniki dərəcəlidir. Uzun müddət istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, çoxlu sayda çökmə, çala əmələ gəlib. Yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, ərazidə kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.