Həsən bəy Zərdabi muzeyi Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi” qəzetinin 143-cü ildönümü ilə əlaqədar ““Əkinçi “ dəyərini itirməyən zəngin xəzinə” adlı tədbir təşkil edib.
Muzeydən Zerdab.com saytına verilən məlumata görə, tədbiri giriş sözü ilə H. B. Zərdabi muzeyinin direktoru Vəfa Bayramova açaraq, “Əkinçi” qəzetinin Azərbaycanda maarifçilik hərəkatının formalaşmasındakı rolundan, xalqı elmə, maarifə tərəqqiyə çağırmaqda elmi–mədəni səviyyənin yüksəltmək sahəsindəki böyük əhəmiyyətindən danışdı: “Əkinçi” qəzetinin nəşri xalqımızın həyatında, mədəniyyət tariximizdə son dərəcə böyük mütərəqqi hadisə idi. O gündən – 1875-ci ilin 22 iyulundan bu günə – 2018-ci ilin 22 iyulunadək böyük bir tarix dəyişib. Qəzetçilik tariximizdə “Əkinçi” özündən sonra yaranan mətbu orqanlarımız üçün nümunə olmağı, məktəb yaratmağı bacardı. Biz bu gün “Əkinçi” adlı təqvimin 143-cü səhifəsini çevirdik. Bu gün Zərdabi adlı ümmana, dəryaya bir daha baş vurduq və Zərdabinin yaratdığı nadir incilərin qaşısında bir daha heyrətləndik.
Zərdabi irsinə nəzər salarkən,
Gözlərim nurlandı ziya içində
Zərdabi dəryadır, çox demişəm mən
Biz də bir damlayıq dərya içində.
Zerdab.com