Zərdabın Mərkəzi Xəstəxanasında ADI OLUB, ÖZÜ OLMAYAN şöbə

0
80

Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də burada dializ şöbəsi fəaliyyət göstərmir. Məlumat üçün bildirək ki, 2016-cı ilin dekabr ayında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxananın əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olmuşdular.

O vaxt bildirilmişdi ki, iki korpusdan və doqquz yardımçı binadan ibarət olan xəstəxananın əsas korpusunda dializ şöbəsi də fəaliyyət göstərəcək.

Lakin həmin dövrdən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Zərdab Rayon Mərkəzi Xəstəxanasında dializ şöbəsi fəaliyyət göstərmir. Bu barədə Zərdab rayon sakini, atası ağır dializ xəstəsi olan Zaud Abdullayev məlumat verib: “Qalmışıq yollarda. Atam – 1941-ci il təvəllüdlü Abdulla Abdullayev düz 1 ildir ağır dializ xəstəsidir. Hər dəfə onu Zərdab rayonundan Kürdəmir rayonuna dializə aparırıq. Həftə ərzində 3 dəfə. Xəstəliyi ilə əlaqədar səhhəti onsuz da ağırdır, üstəlik, yollarda qalmağımız onun halını daha da pisləşdirir. Zərdabda başqa dializ xəstələri də eyni vəziyyətdən əziyyət çəkirlər. Kömək edin, xahiş edirəm, çox çətindir. Bizə deyirlər ki, gedin, kimə istəyirsiniz şikayət edin. Ya da “bu ay, gələn ay” deyib uzadırlar”.

Qeyd edək ki, hələ 2017-ci ilin fevral ayının 26-da Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin hemodializ şöbəsinin müdiri Mirhaşım Cəlalov mediaya açıqlamasında Zərdab rayonunda hemodializ şöbəsinin açılacağını bildirmişdi: “Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların hemodializ müalicəsi problemi hazırda tamamilə həll edilib. 2017-ci ildə Zərdab rayonunda yeni hemodializ şöbəsi açılacaq”.

Lakin vətəndaş Zaur Abdullayevin şikayətindən belə aydın olur ki, Mirhaşım Cəlalovun bu vədi hələ də real olmayıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Yeniavaz.com saytına açıqlamasında bildirib ki, region xəstəxanalarında dializ şöbələrinin açılması növbəlilik prinsipi ilə aparılır.

Səhiyyə Nazirliyinin “Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi” komissiyasının üzvü, tibb elmləri namizədi Fariz Babayev isə açıqlamasında bunları dedi: “Bu məsələ nazirlik səviyyəsində həll olunmalıdır. Hər bir rayon mərkəzi xəstəxanası təmir ediləndə orada dializ şöbəsinin yaradılması struktur olaraq nəzərdə tutulur. Ona görə də açılış zamanı bunların hamısı qeyd olunur. Məsələ burasındadır ki, həmin şöbələrin təminatı məsələləri dövlət proqramına əsasən həyata keçirilir. Başqa ölkələrdən ləvazimatlar alınır, bunlar hamısı həll olunmalıdır. Buna biz cavab verə bilmərik, Səhiyyə Nazirliyinin səlahiyyətində olan məsələdir. Əgər 10 il bundan əvvəl Azərbaycanda cəmi 5 dializ şöbəsi var idisə, bu gün 41 hemodializ şöbəsi var. Aydın məsələdir ki, hər bir rayonda dializ şöbəsinin olması xəstələrin rahatlığı üçün vacibdir və biz də bunu istəyərik. Amma elə şeylər var ki, dövlətin maliyyə məsələlərinə bağlıdır, mərhələ-mərhələ həll olunur. Düşünürəm ki, ilin sonunadək Zərdabda da dializ şöbəsi istifadəyə veriləcək”.