Zərdab-Ucar seçki dairəsindən millət vəkili, professor Jalə Əliyeva seçiciləri ilə görüşlərini davam etdirir. Zerdab.com saytına verilən məlumata görə, deputat növbəti qəbulu Zərdab rayonunda keçirib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində baş tutan qəbulda millət vəkili bildirib ki, Ulu öndər təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyəti ilə Azərbaycan xalqının işıqlı gələcəyinə xidmət edib.
Millət vəkili qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi istər ölkədə, istər xaricdə böyük təntənə ilə qeyd olunur: “15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqının ona ünvanlanan həyəcanlı səsinə səs verdi, ona uzanan ümid dolu əllərini öz güclü əli ilə tutdu, ona bəslənən sonsuz ümidlərə arxa durdu və Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan dövlətçiliyinin sübutuna çevrildi”.
Millət vəkili Jalə Əliyeva daha sonra seçicilərini dinləyib. Millət vəkilinin qarşısında qaldırılan problemlərin bir çoxu yerindəcə həll edilib, digər məsələlərin həlli üçün isə deputat tərəfindən müvafiq qurumlara müraciətlər göndərilib.
Deputata edilən müraciətlər əsasən sosial müavinətlərin, alimentlərin verilməsi, işə qəbul, mənzil sənədləşməsi məsələlərində kömək xarakterli olub.
Qeyd edək ki, deputat Jalə Əliyeva bir müddət əvvəl də Zərdabda seçicilərinin qəbulunu keçirib. Hər iki qəbuldan olan fotoları təqdim edirik.