Məzahir Məzhər (Qarayev) Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən ədəbiyyata, şeirə xüsusi maraq göstərib. Bu maraq onu qısa təmsillər və şeirlər yazmağa həvəsləndirib.
Şair 70-ci illərin əvvəllərindən Zərdab rayonunda çıxan “Pambıqçı” qəzetində dərc olunmağa başlayıb. Sonralar “Mingəçevir işıqları”, “Abşeron”, “Qabaqcıl texnika uğrunda” qəzetlərində təmsilləri dərc edilib. Məzahir Məzhər (Qarayev) Zerdab.com saytına açıqlamasında deyib ki, həyatda rast gəldiyi neqativ halları təmsillərində canlandırmağı çox sevir və bunu özünə borc bilir. O, yeni şeirlərini Zerdab.com saytına təqdim edib.
Sərhədçi əsgər
Vətənimin keşiyində
Dayanmısan, igid əsgər.
Doğma ata ocağından
Əziz gəlir sənə səngər.
Arxandadır doğma yurdun,
Önündədir xain düşmən.
Ölüm-qalım arasında
Öncə vətən düşünürsən.
Ölmək nədir vətən üçün,
Onda məzar da vətəndi.
Əgər yoxsa doğma yurdun,
Bu, ölümdən də betərdi.
Haydı, irəli!
Ayıq ol, igid əsgər,
Tuş gəlməsin yurduma
Mənfur düşmən gülləsi.
Əz başını zalımın,
Ərşə qalxsın naləsi.
Vətən sənə ümidli
Xaindi yağı düşmən.
Haydı irəli, əsgər,
Qoy yesin ağı düşmən.
Azadlığım məhv olar,
Sən olmasan önümdə.
Qorxub səndən çəkinir,
Vaxtsız gələn ölüm də.
Əlindədir bayrağım,
Dodaqlarında himnim.
Bil ki, sənlə azaddı
Mənim ana vətənim.
Dalğalan, bayrağım!
(Cümhuriyyətin 100 illiyinə)
Yol gəlmisən bir əsrdən bu yana,
Boyanmısan döyüşlərdə al qana,
Şəhidlərə laylay deyən bir ana,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!
Baxıb sənə qürurlandı igidlər,
Dalğalandın, şəfəq saçdı üfüqlər,
Dara düşüb gizlədildin çox illər,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!
Hər bir ölkə bayraq ilə tanınar,
Şəhidləri bayrağına sarılar,
Qarabağda zəfər marşı çalınar,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!