Zərdabın yetirməsi – Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov

0
357
Melik Meherremov

Məlik Məlik oğlu Məhərrəmov 1920-ci il avqustun 29-da Zərdabın Bıçaqçı kəndində, həm də atasının vəfatından 3 ay sonra doğulub, 1 yaşı tamam olanda anası vəfat edib. Məlik I sinfə 10 yaşında getməli olub, elə 10 yaşından kolxozda da işləyib- pambıq yığıb, taxıl suvarıb. VII sinfi bitirən kimi tək-tənha Bakıya gedib, peşə təhsili alıb, Bakının “Qırmızı oktyabr” artelində mühasib köməkçisi işləyib. Elə həmin il orduya çağırılıb, rus dilini yaxşı bilməsini və qabiliyyətini nəzərə alıb komandanlıq onu Ryazan hərbi rabitə məktəbinə göndərib.
1941-ci ildə müharibə başlanır və Məlik Məhərrəmov cəbhəyə könüllü gedir. Müharibə iyunun 22-də başlmışdı, iyunun 27-də Məlik Məhərrəmov Şimal-Qərb cəbhəsində – Pskov vilayətində amansız qanlı döyüşdə faşistlərlə vuruşurdu…
1943-cü ilin payız gecəsində 77-ci diviziyanın tərkibində leytenant M. Məhərrəmovun bölüyü düşmən nəzarətində olan Dnepr çayını özünün düzəltdiyi sal və qayıqlarla keçərək düşmənin başının üstünü qəfildən aldı, Sovet ordusunun əsas qüvvələri çayı keçib köməyə gələnə qədər tutduğu ərazini qəhrəmanlıqla müdafiə edib 12 saat dayanmadan düşmənlə vuruşdu, onu möhkəmləndirilmiş istehkamlarından da vurub çıxardı, səngərdə qoyub qaçdığı pulemyotları və döyüş sursatlarını ələ keçirdi.
Məlik Məhərrəmov həmin çətin, qorxulu və ona böyük şöhrət gətirən əməliyyatı belə xatırlayırdı:
– Mənə qədər bir çox bölüklərə, özü də rusların komandir olduqları bölüklərə Dnepri keçmək əmri verilmiş, əməliyyatlar pozulmuş, bölüklər böyük itkilərlə geri üzmüşdülər. Əslində məni də ölümə göndərirdilər. Düzdür, özüm könüllü dedim ki, çayı mən bölüyümlə keçərəm. Amma könüllü getməsəydim əmr edəcəkdilər, -bunu duydum və tale üzümə güldü. Biz faşistlərin pulemyotlarını ələ keçirən kimi o pulemyotlarla işləməyi bacaran 2 əsgərim düşmənə atəş açmağa başladı. Bizimkilər də guya bizə dəstək verərək alman pulemyotlarının səsi gələn nöqtələri vurmağa başladılar. Yaxşı ki, çayı keçəndə telefon xətti də çəkə bilmişdik. Dərhal telefonla o taya xəbər verdim ki, o pulemyotları qənimət götürmüşük, o səmtə atmayın”…
Bu əfsanəvi şücaətə görə 1944-cü il yanvarın 15-də Məlik Məhərrəmova və onun 17 döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Sonra M. Məhərrəmov Moskvada M. Frunze adına Hərbi Akademiyanı da bitirdi.
Müharibədən sonra isə o, Lənkəranda, Bakının Salyan hərbi kazarmasında qərargah rəisi, Ağdaş, Oğuz, Qəbələ, Xızı, Sabirabad, Kürdəmir və Nərimanov rayonlarında hərbi komissar, Bakı Dövlət Universitetində hərbi kafedranın, sonralar isə xüsusi şöbənin rəisi işlədi.
Sovet İttifaqı Qəhrəmanı, polkovnik, Şöhrət ordenli Məlik Məhərrəmov ömrü boyu vətənə və xalqa vicdanla, namusla xidmət etdi, heç yerdə heç kəsdən təmənna ummadı.
Məlik Məhərrəmovun bölüyünün Dnepr çayını keçib düşmənin gücləndirilmiş müdafiə istehkamlarını ələ keçirdiyi xəbərini eşidəndə SSRİ-nin və Polşa dövlətinin marşalı, 1-ci Belorus cəbhəsinin komandanı, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı K. K. Rokossovski bir dəstə generalla azərbaycanlı leytenant Məlik Məhərrəmovla və onun qvardiyaçı bölüyü ilə şəxsən tanış olmaq üçün Dnepr çayının sahillərinə gəlib. O, Məhərrəmovla yaxından tanış olub və deyib: “Leytenant Məhərrəmov, sənə həsəd aparıram”.
Məhərrəmov təəccüblənir:
– Cəbhə komandanı leytenanta?
Rokossovski təsdiq edir:
– Bəli. Mən leytenant olanda məni heç kəs tanımırdı. Sənin qəhrəmanlığın haqqında isə radio danışır, qəzetlər yazır…
Məlik müəllim deyirdi ki, o görüşün sonunda marşal mənimlə əl-ələ görüşdü, yanındakı rus generallarına isə belə dedi: “Yaxın gəlin, görüşün, əliniz əsl kişi əlinə dəysin”…

İsaməddin Əhmədov,

“Əkinçi” qəzetinin redaktoru