Zərdab rayonunda bu il 22.4 km uzunluğunda 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində artıq işlərə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Zerdab.com saytına verilən məlumata görə, bu yerli əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 21-ci km-dən ayrılan və 11 km uzunluğa malik Birinci Alıcanlı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 2 kəndin 2 minə yaxın əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Yolun 0-8 km hissəsi qara örtükdən, 9-11 kilometr hissəsi isə çınqıl örtükdən ibarətdir. Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
Hazırda yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Çünki torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Bundan başqa yolun müəyyən hissəsi bataqlıq-göl ərazisindən keçdiyi üçün burda yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında xüsusi qrunt tökülərək inşa edilir, yolun altına borular atılır.
Artıq yolun 5 km-lik hissəsində yol yatağı və yol əsasının inşası aparılaraq yekunlaşdırılıb, qalan hissədə isə davam etdirilir. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur. Yolun çiyin hissələri də dağıldığından hazırda 44 min kv.m sahədə çiyinlərin 12 sm qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılır. Torpaq işləri 110 min kv.m sahəni əhatə edir.
Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün yolun 4-cü km-də su kanalı üzərində uzunluğu 6,2 metr olan suötürücü qurğunun tikintisi, yolun 5-ci km-də Qarasuçay üzərində yerləşən uzunluğu 105 metr olan mövcud avtomobil körpüsünün isə təmiri işləri aparılır. Bundan başqa yol boyu suların ötürülməsi üçün müxtəlif diametrli 276 paqon-metr 23 ədəd dəmir, həmçinin 108 paqon-metr 9 ədəd dəmir-beton borunun quraşdırılır.
Tikinti layihəsinə uyğun olaraq yolun 66 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, 1 ədəd avtobus dayanacağının tikintisi, 290 ədəd siqnal dirəyinin, 86 ədəd yol nişanı v məlumatverici lövhənin quraşdırılması, yolda 33 km uzunluğunda xətlənə işlərinin aparılması nəzərdə tutulub.