Zərdabın Gəlmə kəndindəki oğurluqla bağlı cinayət işi…

0
47

                                                             Q Ə R A R

                                             Azərbaycan Respublikası adından

          30 mart 2011-ci il     №1(106)18/2011   Şirvan şəhəri

 Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Dosiyev Amil Qaraxan oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərəcov Salman Böyükağa oğlunun, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun  Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları, ədliyyə müşaviri İbişov İlqar Rəqəm oğlunun və ədliyyə müşaviri Əliyev Ceyhun Zülfüqar oğlunun, məhkum edilmiş şəxs Abbasov Kərim Buludxan oğlunun və onun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlunun iştirakları ilə,

Abbasov Kərim Buludxan oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3 və 221.1-ci maddələri ilə məhkum olunmasına dair Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-51/2010 saylı hökmündən məhkum edilmiş şəxs Abbasov Kərim Buludxan oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə baxışı iclasında baxaraq,

 M Ü Ə Y Y Ə N   E T D İ:

      İşin halları:

 İbtidai istintaq orqanı tərəfindən Abbasov Kərim Buludxan oğluna ittiham elan olunmuşdur ona görə ki, o, 23 mart 2010-cu il tarixdə saat 17 radələrində Zərdab rayonunun Gəlmə kəndində yaşayan atası Abbasov Buludxan Əbülqasım oğlunun evində qonaq olub, yeyib-içib Zərdab şəhərinə yaşadığı evə qayıdarkən, atası evi ilə qonşu həyətdə yaşayan Soltanov Vasif Mahmud oğlunun həyət qapısının yanından keçəndə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də Vasif Soltanovun həyətindəki avtomobil qarajının qapısını açaraq qanunsuz içəri daxil olmuş, qarajdan bir ədəd 20 manat dəyərində “RFB-1.5 A” markalı qızdırıcı lampanı və qarajda olan müxtəlif alətlər yığılmış köhnə soyuducunun icərisindən bir ədəd 84 manat dəyərində elektrik dəmir kəsici alətini, cəmi 104 manat dəyərində  özgənin əmlakını gizli olaraq talayıb evinə aparmış və elə həmin gün oğurladığı alətləri Zərdab şəhərində “Dörd yol” adlanan ərazidə  qayını Məmmədov Namiz Ramiz oğluna, cəmi 23 manata satmışdır.

Bundan başqa, Abbasov Kərim Buludxan oğlu 27 avqust 2010-cu il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Zərdab rayonunun Gəlmə kənd sakini Soltanov Vasif Mahmud oğlunun yaşadığı evin həyətinə gələrək, Vasif Soltanovun anası Musayeva Şəfiqə Kərəm qızını evindən çağırmış, ona nalayiq söyüşlər söyərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərlə Şəfiqə Musayevanı yumruqla vuraraq, ona sol kürək üstü nahiyədə və sol kürək nahiyəsində aşağı tış hissədə qançır xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir.

Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli hökmü ilə (sədrlik edən hakim  Qarayev Ağaməhəmməd Qurban oğlu)

31 mart 1977-ci ildə   Zərdab rayonunun Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli–2 uşaq atası, orta təhsilli, işsiz, Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 23 sentyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 42-1-ci maddəsi tətbiq edilməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış, Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 16 may 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası  CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 39-cu maddəsinə əsasən 23 sentyabr 1999-cu il tarixli hökm ilə ona təyin edilmiş cəza bu cəza ilə qismən birləşdirilmiş və ona qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,  Azərbaycan Respublikası Prezidentinin “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 10 may 2004-cü il tarixli  61 saylı  Fərmanına əsasən 11 may 2004-cü ildə cəzadan azad edilmiş, Zərdab Rayon Məhkəməsinin 27 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinib 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 noyabr 2006-cı il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar olaraq azad olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş

Abbasov Kərim Buludxan oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3 və 221.1-ci  maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə əmlakı müsadirə olunmamaqla 3(üç) il 6 (altı) ay müddətinə, CM-nin 221.1-ci maddəsi ilə 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66-cı məddəsinə əsasən, təyin olunmuş  cəzaları cinayətlərin məcmusu üzrə tamamilə toplamaq yolu ilə qəti olaraq əmlakı müsadirə olunmamaqla 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, haqqında seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, cəza çəkməsinin əvvəlinin 22 oktyabr 2010-cu il tarixdən hesab edilməsi və iş üzrə maddi sübut olan Zərdab rayon polis şöbəsinin maddi sübutlar anbarında saxlanılan bir ədəd laqonda və bir ədəd primusun zərərçəkmiş şəxs Soltanov Vasif Mahmud oğluna qaytarılması hökm edilmişdir.

Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-51/2010  saylı hökmündən narazı qalan məhkum edilmiş şəxs Abbasov Kəırim Buludxan oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlu apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Məhkum edilmiş şəxs Abbasov Kərim Buludxan oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs Abbasov Kərim Buludxan oğlu ona verilmiş ittihamla özünü təqsirli bilməmiş, Soltanov Vasif Mahmud oğluna məxsus elektrik kəsici aləti  (laqonda) və primusu oğurlamadığını, 27 avqust 2010-cu il tarixində isə Vasif Soltanovun anası Şəfiqa Musayeva ilə dalaşmadığını və onu döymədiyini göstərmişdir. Lakin birinci instansiya məhkəməsi Abbasov Kərim Buludxan oğlunun ifadəsini inandırıcı hesab etməmiş və bu halın özünü müdafiə xarakteri daşıması qənaətinə gəlmişdir. Halbuki, Kərim Abbasov 25 may 2010-cu il tarixdə dindirilərkən öz xətti ilə yazdığı ifadəsində göstərmişdir ki, Novruz bayramı ərəfəsində Zərdab rayonunun Gəlmə kəndində yaşayan atası evinə qonaq getmiş və orada yeyib-içmişdir. 23 mart 2010-cu il tarixdə saat 17 radələrində öz evlərinə qayıdıb gələrkən atası ilə bir küçədə yaşayan uşaqlıq yoldaşı Vasif Soltanovun evinin yanından keçəndə qarajın qarşı tərəfində laqonda və primus görmüş, həmin alətləri götürərək evinə gətirmişdir. Zərdab şəhərində qonşusu olan Saməddin Mejnunovla birlikdə həmin alətləri taksi sürücüsü Əşrəfin taksisi ilə şəhərin  “Dörd yol” adlanan ərazisinə aparmış, bir neçə şəxsə göstərmiş, heç kəs almaq istəməmişdir. Daha sonra həmin alətləri öz qayını Namiz Məmmədova 23 manata satmış, həmin pulun 6 manatını taksi sürücüsünə vermişdir. Birinci instansiya məhkəməsi hökmdə istinad etdiyi ifadənin ibtidai araşdırmanın və məhkəmə istintaqının gedişində Kərim Abbasovun özü tərəfindən təkzib edilməsini, həmin ifadəni verməsini qanunsuz saxlanması və zorakılığa məruz  qalması ilə izah etməsini araşdırmamış və hüquqi qiymət  verməmişdir. Bundan əlavə,  Abbasov Kərim Buludxan oğlu qanunsuz olaraq polis orqanı tərəfindən saxlanılmış və onun müdafiə hüquqları pozulmuşdur. Onun qanunsuz olaraq saxlanılması K.Abbasovun özü və həyat yoldaşı tərəfindən təsdiqlənir. Birinci instansiya məhkəməsi bu xüsusat üzrə hər hansı araşdırma aparmadan 25 may 2010 cu il tarixdə dindirilərkən öz xətti ilə yazdığı ifadəsində göstərilənlərə mötəbər sübut kimi yanaşmaqda haqlı olmamış və Azərbaycan Respublikası CPM-nin maddələrinin tələbləri kobud şəkildə pozmuşdur. İstintaq orqanı 25 may 2010-cu il tarixli ifadədən sonra qəbul etdiyi prosessual qərarlarda, o cümlədən cinayət işinin materiallarına əlavə edilmiş 10 iyun 2010-cu il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarda cinayətin Abbasov Kərim Buludxan oğlu tərəfindən törədilməsinin istintaq yolu ilə sübuta yetirilmədiyi vurğulanmış, iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1, 85 və 277-ci maddələrinə istinad edilməkilə dayandrılmışdır. Bundan sonra, müstəntiq cinayət işinin materiallarının 62-ci səhifəsini təşkil edən “Cinayət  işi üzrə icraatın təzələnməsiı haqqında” 28 avqust 2010-cu il tarixli qərar qəbul edilmiş, qəbul etdiyi qərarı “28  avqust 2010-cu il tarixdə Zərdab RPŞ-nin cinayət axtarış bölməsi tərəfindən daxil olmuş məlumatda sözügedən cinayətin Abbasov Kərim Buludxan oğlu və Mejnunov  Saməddin Sosialist oğlu tərəfindən törədilməsi barədə əməliyyat məlumatının daxil olması” ilə əsaslandırılmışdır. Həmin qərarın qəbulundan sonra aparılmış istintaq hərəkətlərindən, eləcə də iş materiallarına əlavə edilmiş, cinayət işinin materiallarının 67-ci səhifəsini təşkil edən 28 avqust 2010-cu il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan, iş materiallarına əlavə edilmiş, cinayət işinin materiallarının 70-ci səhifəsini təşkil edən 02 sentyabr 2010-cu il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması  haqqında” qərardan, iş materiallarına əlavə edilmiş, cinayət işinin materiallarının 75-ci səhifəsini təşkil edən 08 sentyabr 2010-cu il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan göründüyü kimi “sözügedən cinayətin Abbasov Kərim Bulutxan oğlu və Mejnunov  Saməddin Sosialist oğlunu törətməsi barədə əməliyyat məlumatı”nı heç bir istintaq hərəkəti ilə yoxlanmadan, prosessual normalarla müəyyən edilmiş qaydada sübutlar əldə edilmədən sadalanan prosessual qərarlar qəbul edilmişdir. Cinayətin predmetini təşkil edən əmlakın isə məhz saxlanc yerindən talaması hətta zərərçəkmişin özü tərəfindən iddia edilməmişdir.

Göstərilənlərə əsasən Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)–51/2010 2010 saylı hökmünün ləğv edilməsini, Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən, Abbasov Kərim Buludxan oğlu barəsində cinayət təqibinə xitam verilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir.

Proses iştirakçılarının  izahatları və məhkəmə çıxışları:

Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Abbasov Kərim Buludxan oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)–51/2010 saylı hökmünün ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etdi.

Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Abbasov Kərim Buludxan oğlu apellyasiya şikayətində göstərilən dəlilləri müdafiə edərək Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-51/2010 saylı hökmündə göstərilən əməlləri törətmədiyini bildirdi və ailə vəziyyətini nəzərə almaqla ədalətli qərar qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etdi.

Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi Üzrə İdarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru ədliyyə müşaviri Əliyev Ceyhun Zülfüqar oğu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, birinci instansiya məhkəməsi tərəfindən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun cəza təyin edildiyini, əməlin məhz Abbasov Kərim Buludxan oğlu tərəfindən törədilməsinin tam olaraq sübuta yetirildiyini bildirdi və Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)–51/2010 2010 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etdi.

                                                             Hüquqi məsələlər:

Azərbaycan  Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı  maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”)  1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.

Həmin Məcəllənin 10.1-ci maddəsində göstərilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.

Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırmaqla və həmçinin qismən məhkəmə istintaqı aparmaqla, apellyasiya şikayətlərinin dəlilləri barədə proses iştirakçılarının mövqeyini dinləyərək hesab edir ki, Abbasov Kərim Buludxan oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3 və 221.1-ci  maddələri ilə məhkum olunması barədə  Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)–51/2010 saylı hökmündən məhkum edilmiş şəxs Abbasov Kərim Buludxan oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlunun verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)–51/2010 saylı hökmü dəyişdirilməlidir.

Belə ki, birinci instansiya məhkəməsi iclasında zərər çəkmiş şəxs Soltanov Vasif Mahmud oğlu göstərmişdir ki, yaşadığı Zərdab rayonunun Gəlmə kəndində özünə məxsus həyətyanı sahədə inşa etdirdiyi avtomobil qarajında çilingər işləri ilə məşğul olur. Qarajın küçəyə açılan iki laylı dəmir qapısı qonşu həyətlərə gedən yolun üzərində olmaqla, mütəmadi olaraq qarajda primusla qızdırıcı-lehmləyici işlər görmüş, elektrik kəsici mişarla isə sifarişçilərə tikinti və sair sahələrdə istifadə etmək üçün müxtəlif bəzək əşyaları düzəltmişdir. Hər iş gününün sonunda qarajın qapısını bağlamış, istifadə etdiyi alətləri isə qarajın içərisində olan köhnə soyuducunun içərisində saxlamışdır. 2010-cu ilin mart ayında Novruz bayramı günü işlətdiyi primus və elektrik kəsici alətin həmişə qoyduğu yerdə, yəni köhnə soyuducunun içərisində olmadığını görüb əvvəlcə yaxın qohum-əqrəbası tərəfindən aparılıb-aparılmamasını öyrənmiş, qohumları tərəfindən həmin alətlərin aparılmadığını bildiyi üçün qarajında oğurluq edilməsindən şübhələnmiş, ona məxsus  primus və elektrik kəsici alətin bir neçə şəxs tərəfindən, o cümlədən Kərim Abbasov tərəfindən  oğurlanması barədə şifahi məlumat vermiş, polislər tərəfindən aparılan araşdırma zamanı həmin alətlərin qonşusu olmuş, hazırda Zərdab şəhərində yaşayan Abbasov Kərim Buludxan oğlu tərəfindən oğurlanmasını və sonra da qayını Məmmədov Namiz Ramiz oğluna satılması müəyyən edilmişdir. Primus və elektrik kəsici alət polis işçiləri tərəfindən götürülərək ona başqa alətlər içərisində təqdim edilmiş və həmin alətləri əlamətlərinə görə tanımışdır. Kərim Abbasov bundan sonra 27 avqust 2010-cu il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə onların evinə gəlmiş, elektrik kəsici alətin və primusun oğurlaması barədə polis işçilərinə məlumat verməsinə görə anasına irad tutmuş, nalayiq söyüşlər söyərək onu təhqir etmiş, anasını yumruqla vurmuş, səsə qonşular, Kərimin  atası Buludxan, anası Hökümə gəlmiş, Kərimlə bir yerdə gəlmiş Mejnunov  Saməddin Sosialist oğlu ilə birlikdə Abbasov Kərim Bulidxan oğlunu anası Şəfiqədən çətinliklə aralaşdırıb aparmışlar. Atası ilə qonşu olduğunu nəzərə alaraq, hazırda onun Abbasov Kərim Buludxan oğluna qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.

Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Musayeva Şəfiqə Kərəm qızı göstərmişdir ki, 27 avqust 2010-cu il tarixdə saat 21 radələrində yaşadığı Gəlmə kəndindəki evində çörək bişirərkən Abbasov Kərim Buludxan oğlu evinin pilləkəninin yanına gəlmiş, əli ilə işarə edərək “ a, bura gəl” deyərək onu yanına çağırmışdır. Həmin vaxt Kərim sərxoş halda ayaqüstə güclə  dayanmış,  bu  səbəbdən  də  ona cavab vermək istəməmiş, buna baxmayaraq Kərim oğlu Vasifin elektrik kəsici alət və primusunun oğurlanması barədə  polisə məlumat verdiyinə görə ona irad tutmuş, sonra da onu nalayiq sözlərlə təhqir etmiş, yumruqla kürək nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Səs-küyə gəlmiş qonşular Buludxan, Hökümə, gəlinləri Zivər və Kərimlə həmin yerə gəlmiş Mejnunov Saməddin Sosialist oğlu Kərimi ondan aralaşdırıb aparmışlar. Sonradan Kərim, anası Hökümə onların evinə gəlmiş, Kərimin qarajdan oğurluq etməsinə və ona xəsarət yetirməsinə, həmçinin onu söyməsinə görə ondan və oğlu Vasifdən üzr istəmişlər. Atası ilə qonşu olduğunu nəzərə alaraq Abbasov Kərim Buludxan oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur.

Birinci instansiya məhkəməsi iclasında şahid Soltanova Elyanə Məhəmməd qızı zərərçəkmiş şəxslər Soltanov Vasif Mahmud oğlu və Musayeva Şəfiqə Kərəm qızı ilə eyniməzmunlu ifadə vermişdir.

Birinci instansiya məhkəməsi iclasında şahid Mejnunov Saməddin Sosialist oğlu göstərmişdir ki, 23 mart 2010-cu il tarixdə evində olan zaman qonşuluğunda yaşayan Abbasov Kərim Buludxan oğlu onun evinə gəlmiş, çay içərkən söhbət zamanı Kərim ona elektrik kəsici alət və primusu olduğunu bildirərək, aparıb satmalarını təklif etmiş, ona görə də evlərindən çıxaraq şəhərin “Dörd yol” adlanan ərazisinə getmiş, orada taksi sürücüsü Əşrəf Əliyevlə danışıb, həmin alətləri satmaq istədiklərini bildirib evə gəlmişlər. Həmin vaxt Kərim Əşrəfin taksi avtomobilini onun evinin yanına sürdürmüş, Kərim maşından düşərək onun həyətinə girib təzə tikdirdiyi evin damından elektrik kəsici aləti və primusu götürmüş, bundan sonra Kərimin həmin alətləri onun evinin damına qoyduğu ona məlum olmuşdur. Kərim alətləri taksiyə qoyub bir neçə sex sahiblərinə göstərmiş, lakin heç kim həmin alətləri almaq istəməmişdir. Bundan sonra Kərimlə “Dörd yol” adlanan əraziyə gəlmiş, həmin yerdə alma satmaqla məşğul olan Kərimin qayını Məmmədov Namiz Ramiz oğluna elektrik kəsici alət və primus göstərmiş, Namiz həmin alətləri Kərimdən 23 manata almışdır. Elektrik kəsici alətin və primusun Kərim tərəfindən oğurlaması barədə heç bir məlumatı olmamışdır. Bundan başqa 17 avqust 2010-cu il tarixdə saat 21 radələrində Gəlmə kəndinə gedən zaman Kərim Abbasovla rastlaşmış, həmin kəndin sakini Musayeva Şəfiqə Kərəm qızının evinin yanından keçərkən, Kərim, oğlu  Vasifin onun  oğurluq etməsi barədə polis şöbəsinə məlumat verməsinə  görə Şəfiqə ilə  mübahisə etmiş və onunla dalaşmışdır. Həmin vaxt səs-küyə Kərimin atası, anası, gəlinləri Şəfiqənin evinə gəlmiş, Kərimi Şəfiqədən aralaşdıraraq evlərinə aparmışdır.

Birinci instansiya məhkəməsi iclasında şahid Əliyev Əşrəf Məmmədqulu oğlu göstərmişdir ki, 2010-cu ilin Novruz bayramı günlərində idarə etdiyi avtomobillə rayonun “Dörd yol” adlanan ərazisində dayanan zaman Zərdab şəhər sakinləri Kərim Abbasov və Saməddin Mejnunov onun yanına gəlmiş, həmin vaxt Kərim  “bizim evdə dəmir var, satmaq istəyirəm” demiş, bundan sonra Kərim və Saməddin onun idarə etdiyi avtomobilə oturmuş, Kərim maşını Saməddinin evinin yanına sürdürmüşdür. Kərim maşından düşərək Saməddinin həyətinə keçmiş, bir qədər vaxt keçdikdə sonra əlində ağ rəngli kisədə olan alətləri gətirib maşına qoymuş, bundan sonra Kərim elektrik kəsici alət və primusu rayonun “Dörd yol” adlanan ərazisində bir neçə sex sahiblərinə göstərsə də, lakin sata bilməmişdir. Sonra Kərim həmin alətləri şəhərin “Dörd yol” adlanan ərazisində alma satan qayını Məmmədov Namiz Ramiz oğluna 23 manata satmış, ona taksidən istifadəyə görə 6 manat pul vermişdir. Həmin vaxt Kərimin əlində olan elektrik kəsici alətin və primusun oğurluq olmasını bilməmişdir.

Birinci instansiya məhkəməsi iclasında şahid Şirinov Əlisa İspəndiyar oğlu  Zərdab şəhərinin “Dörd yol” adlanan hissəsində sexdə işlədiyini, 2010-cu ilin mart ayının Novruz bayramı günlərində Abbasov Kərim Buludxan oğlunun və Mejnunov Saməddin Sosialist oğlunun Əşrəfin taksi maşını ilə onun işlədiyi sexə gəlmələrini, həmin vaxt Kərimin əlində olan elektrik kəsici aləti və primusu satmaq üçün ona təklif etməsini, lakin həmin alətləri almadığını, sonradan isə Kərimin həmin alətləri oğurladığını eşitməsini göstərmişdir.

Birinci instansiya məhkəməsi iclasında şahid Abbasova Hökümə Rəhim qızı göstərmişdir ki, Abbasov Kərim onun oğludur. 27 avqust 2010-cu il tarixdə saat 21 radələrində gəlini Zivərlə birlikdə anası evinə orucunu açmağa gedərkən küçədə oğlu Kərimin sərxoş halda söyüş söyməsini eşitmiş, ondan nə hadisə baş verdiyini soruşduqda Kərim “görmürsənmi, oğraşlar mənə sataşırlar” deyib nalayiq söyüşlər etmiş, səsə Şəfiqə və digər qonşular küçəyə çıxmış, Kərim Şəfiqəyə oğlu Vasifin elektrik kəsici alət və primusun oğurlanmasına görə polisə şikayət etməsini irad tutub onu təhqir etmişdir. Bu səbəbdən Şəfiqəyə üzünü tutaraq Kərimin sərxoş olduğunu və ona fikir verməməyi məsləhət vermiş, bundan sonra Kərimi Saməddinlə birlkidə çətinliklə də olsa yola salmışdır.

Birinci instansiya məhkəməsi iclasında şahid Abbasova Zivər İbrahim qızı şahid Hökümə Abbasovanın ifadəsi ilə eyniməzmunlu ifadə vermişdir.

Birinci instansiya məhkəməsi iclasında şahid Nuriyev Bilal Yunis oğlu göstərmişdir ki, Zərdab rayon polis şöbəsində cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir, 31 mart 2010-cu il tarixdə Zərdab rayonunun Gəlmə kənd sakini Soltanov Vasif Mahmud oğlu rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bir ədəd elektrik kəsici alətinin və bir ədəd primusunun oğurlandığını bildirmiş, buna görə də həmin hadisənin baş verdiyi yerə getmiş və həmin yerə baxış keçirmişlər. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin alətlər Zərdab şəhər sakini Məmmədov Namiz Ramiz oğlunda tapılaraq götürülmüş, Namiz ondan götürülən elektrik kəsici aləti və primusu bacısının əri Abbasov Kərim Buludxan oğlundan 23 mart 2010-cu il tarixdə saat 17 radələrində 23 manata aldığını bildirmişdir.

Birinci instansiya məhkəməsi iclasında şahid Seyidov Fuad Məhəmməd oğlu da Bilal Nuriyevin ifadəsi ilə eyniməzmunlu ifadə vermişdir.

İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 09 sentyabr 2010-cu il tarixli 112 saylı rəyindən görünür ki, Musayeva Şəfiqə Kərəm qızının bədənində müəyyən edilmiş xəsarətlər–sol kürək üstü nahiyədə və sol kürək nahiyəsində aşağı tış hissədə qançır küt əşya təsirindən törənmiş, müddəti 27 avqust 2010-cu il tarixə uyğun gəlir. Həmin xəsarət sol kürək hissələrinə yumruqla vurma nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir.

İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, “RFB-1.5 A” markalı alət benzinlə işləyən, 1,5 litr benzin tutumu olan qızdırıcı lampadır. Həmin lampanın satış qiyməti 20 manatdır. 1 ədəd elektrik dəmir kəsici alətin satış qiyməti isə 80-84 manatdır.

İş materiallarında olan Zərdab rayon İcra Hakimiyyətinin Gəlmə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2010-cu il tarixli 424 saylı arayışdan görünür ki, Abbasov Kərim Buludxan oğlunun ailəsi 3 nəfərdən–özündən, həyat yoldaşından və 1998-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızından    ibarətdir.

İş materiallarında olan Azərbaycan Respublikası Zərdab rayon İcra Hakimiyyətinin Gəlmə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Abbasov Kərim Buludxan oğlunun spirtli içkilərə meylli olması, kəndin ictimai işlərində passiv olması ilə xarakterizə edilir.

İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsinin 19 aprel 2010-cu il tarixli məlumatından və Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 23 sentyabr 1999 və Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 16 may 2000-ci il tarixli hökmlərinin surətlərindən görünür ki,  Abbasov Kərim Buludxan oğlu ilə Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 23 sentyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 42-1-ci maddəsi tətbiq edilməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış, Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 16 may 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası  CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,  CM-nin 39-cu maddəsi tətbiq edilməklə 23 sentyabr 1999-cu il tarixli hökm ilə ona təyin edilmiş cəza bu cəza ilə qismən birləşdirilmiş və ona qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 10 may 2004-cü il tarixli  61 saylı  Fərmanına əsasən 11 may 2004-cü il tarixdə cəzadan azad edilmişdir.

Zərdab rayon məhkəməsinin 27 iyul 2006-cı il tarixli hökmünün surətindən görünür ki, Abbasov Kərim Buludxan oğlu həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinib 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 noyabr 2006-cı ildə cəza müddətinin bitməsi ilə əlaqədar olaraq azad olunmuşdur.

Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və Kərim Abbsovun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 221.1-ci maddələrinin tərkib əlamətləri vardır. Yəni iş materialları tədqiq edilərkən, eləcə də, apellyasiya instansiyası üzrə məhkəmə baxışı zamanı iş üzrə cinayət təqibini istisna edən, eləcə də əməlin tövsifini zəruri edən  hallar müəyyən edilməmişdir. K.B.Abbsovun əməli həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 221.1-ci  maddələri ilə tövsif edilmişdir.

Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə və andlı iclasçılar kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt çıxardıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

Odur ki,  məhkəmə kollegiyası hesab edir ki, işdə Kərim Abbasova Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 221.1-ci  maddələri ilə bəraət verilməsi üçün Azərbaycan Respublikasının CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş heç bir əsas yoxdur.

Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Abbasov Kərim Buludxan oğluna Azərbaycan Respublikası CM-nin 177.2.3 və 221.1-ci maddələri ilə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları lazımi qaydada araşdırmamış, K.B.Abbasovun əməlində Azərbayсan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivi olması qənaətinə gəlməklə və  Azərbayсan Respublikası CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun residivə görə cəza təyin etməklə, eləcə də Azərbayсan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsini müəyyən etməklə maddi hüquq normalarını pozmuşdur.

Belə ki, Azərbayсan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən  residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün—azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

Birinci instansiya məhkəməsi düzgün olaraq Zərdab rayon məhkəməsinin 27 iyul 2006-cı il tarixli hökmü üzrə K.B.Abbasovun məhkumluğunun ödənilməsi qənaətinə gəlsə də, Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 16 may 2000-ci il tarixli hökmü üzrə (həmin hökmlə K.B.Abbasov Azərbaycan Respublikası  CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,  CM-nin 39-cu maddəsi tətbiq edilməklə 23 sentyabr 1999-cu il tarixli hökm ilə ona təyin edilmiş cəza bu cəza ilə qismən birləşdirilmiş və ona qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 10 may 2004-cü il tarixli  61 saylı  Fərmanına əsasən 11 may 2004-cü il tarixdə həmin cəzadan azad edilmişdir) K.B.Abbasovun məhkumluğunun ödənilməməsi qənaətinə gəlməkdə səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 243-cü maddəsini ağır cinayət hesab etdiyi üçün belə nəticəyə gəlmişdir.

Çünki Azərbayсan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

 

Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.

Azərbayсan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarına əsasən, Azərbayсan Respublikası CM-in 83.3 və 83.4-cü maddələrinin mənasına görə, şəxs cinayətlərin və ya hökmlərin  məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilməsi müddətinin axımı cinayətlərin və ya hökmlərin  məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il  tarixli Qanununun 6.3-cü maddəsində göstərilir ki, cinayət törətdiyinə görə cəza çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə başqa cür yaxşılaşdırılırsa (Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində və düşmən qüvvələrinin silahlı hücumundan qorumaq məqsədi ilə hakimiyyətdən istifadə etməməkdə təqsirli bilinən şəxslər istisna olmaqla), hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən məhkəmə hökmlərinə, cinayət hüquq xarakterli başqa tədbirlərin tətbiq edilməsi barədə məhkəmənin digər qərarlarına yenidən baxılsın.

Azərbaycan Respublikasının CM-nin 328-ci maddəsində (Əmri icra etməmə) olan “Qeyd”in 3-cü bəndində göstərilir ki, «döyüş şəraiti» dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparması başa düşülür (30 dekabr 1999-cu il  tarixli redaksiyada, Azərbaycan Respublikasının 02 iyul  2001-ci il tarixli Qanunu ilə edilmiş düzəliş  ilə isə “və” sözü “ və ya ”  sözü ilə əvəz edilmişdir).

Tərtər Hərbi Məhkəməsinin 09 mart 2011-ci il tarixli 7(098)-155/2011 saylı qərarının surətində görünür ki,  Abbasov Kərim Buludxan oğlunun 1999-cu ildə xidmət etdiyi döyüş şəraitində olmayan 701 saylı hərbi hissəni 15 aprel 1999-cu il tarixə kimi özbaşına tərk etməsi halı 3 aydan artıq olduğundan, yəni həmin əməl 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini təşkil etdiyindən, onun bu əməli Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 243-cü maddəsindən hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsinə, 2000-ci ildə xidmət etdiyi 701 saylı hərbi hissəni 16 fevral 2000-ci il tarixdən 25 fevral 2000-ci il tarixə kimi, yəni doqquz gün müddətinə özbaşına tərk etməsi isə hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini təşkil etdiyindən, onun bu əməli Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan CM-nin 243-cü maddəsindən hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsinə tövsif edilmişdir. Yəni K.B.Abbasovun Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 16 may 2000-ci il tarixli hökmündə göstərilmiş əməlləri hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-də böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kimi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.

Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.

Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, Abbasov Kərim Buludxan oğlu Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 16 may 2000-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmiş şəxsdir. Çünki  K.B.Abbasov həmin hökmlə təyin olunmuş cəzadan 11 may 2004-cü il tarixdə azad edilmiş və həmin baxtdan 7 ilə yaxın müddət keçmişdir.

Çünki Azərbayсan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

Beləliklə, Abbasov Kərim Buludxan oğluna residivə görə cəza təyin edilə bilməz və eləcə də o,  təyin olunacaq  azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində deyil, ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Odur ki, Abbasov Kərim Buludxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 221.1-ci maddələri ilə məhkum olunması barədə Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-51/2010 saylı hökmü cinayət qanununun normaları düzgün  tətbiq edilmədiyi üçün dəyişdirilməlidir.

Azərbayсan Respublikası CM-nin 83.6-cı maddəsinə görə,  məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün–ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

Həmin Məcəllənin 58.1-ci mаddəsinə görə, cinаyət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəаlаrı nəzərə аlınmаqlа Xüsusi hissəsinin müvаfiq mаddələrində nəzərdə tutulmuş hədlərdə ədаlətli cəzа təyin edilir.

Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

Həmin Məcəllənin 66.3-cü maddəsinin tələbinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən çox ola bilməz.

Həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən, cəzaların toplanması zamanı islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulur.

Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.

“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.

Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hal kimi nəzərə alına bilər.

“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 01 nömrəli Qərarının 13-cü bəndinə əsasən, məhkəmələrə tövsiyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.

Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir».

Hazırkı iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin, Azərbaycan Respublikası CPM-nın,  “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının,    “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 01 №-li Qərarının və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının yuxarıda sadalanan normalarının tələblərini nəzərə almaqla məhkum edilmiş şəxs K.B.Abbasovun şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən halları araşdırsa da, məhkumluğun ödənilib-ödənilməməsi məsələsini düzgün həll etməmiş, nəticədə  cinayətlərin residivi üzrə cəza təyin etmiş və cəzaçəkmə müəssisəsinin növünü düzgün seçməmişdir. Odur ki, məhkəmə kollegiyası Abbasov Kərim Buludxan oğlunun əməllərinin cinayətlərin residivini yaratmasına dair müddəaların hökmdən xaric edilməsini,  eyni zamanda ona birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  177.2.3 və 221.1-ci maddələri ilə məhkumluğu olmayan şəxs kimi cəza təyin edilməsini məqsədəuyğun hesab edir.

Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.

Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir.

Bununla da məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış qismən məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək Abbasov Kərim Buludxan oğlunun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin digər maddəsinə (maddələrinə) tövsif edilməsi, yaxud cinayət işi üzrə icraata xitam verilməsi, yaxud da Abbasov Kərim Buludxan oğluna Azərbaycan Respublikası CM-nin 177.2.3 və 221.1-ci maddələri ilə bəraət verilməsi  üçün əsas görmür, lakin K.B.Abbasova təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  177.2.3 və 221.1-ci maddələri ilə, məhkumluğu olmayan şəxs kimi cəza təyin etməklə məhkum edilmiş şəxs K.B.Abbasovun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsini və həmin apellyasiya şikayətinə əsasən Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-51/2010 saylı hökmünün dəyişdirilməsini məqsədəuyğun hesab edir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 353, 397, 398.1.4, 399.1.4, 405.1.1 və 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası

Q Ə R A R A    A L D I:

Abbasov Kərim Buludxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 221.1-ci maddələri ilə məhkum olunması barədə Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-51/2010 saylı hökmündən  məhkum edilmiş şəxs Abbasov Kərim Buludxan oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.

Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-51/2010 saylı hökmü məhkum edilmiş şəxs Abbasov Kərim Buludxan oğlunun  müdafiəçisi Həsənov Əlayıf Həsən oğlunun apellyasiya şikayətinə əsasən dəyişdirilsin.

K.B.Abbasovun əməllərinin cinayətlərin residivini yaratmasına dair müddəalar hökmdən xaric edilsin. K.B.Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasınadək azaldılsın, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6(altı)  ay müddətinə islah işləri cəzası təyin edilsin.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının üç günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən  təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə tam toplamaq yolu ilə K.B.Abbasova qəti olaraq təyin edilmiş 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3(üç) il 2(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasınadək azaldılsın və   K.B.Abbasovun üzərində qəti olaraq əmlakı müsadirə olunmamaqla 3(üç) il 2(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın.

K.B.Abbasov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Hökm məhkum edilmiş şəxs Abbasov Kərim Buludxan oğlunun  müdafiəçisi Həsənov Əlayıf Həsən oğlunun apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməsin.

Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir.

Qərardan Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına  kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən:   Amil Dosiyev

 Hakimlər:   Əhməd Nurməmmədov, Ələsgər Novruzov