Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış Azərbaycan Dilinin Orfoqrafiya qaydaları layihəsi xeyli vaxtdır müzakiə olunur.
İlk növbədə qeyd etmək lazımdır ki, AMEA-nın Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış bu layihədə qarşıya qoyulmuş missiya çox təqdirəlayiqdir. Çünki 2013-cü ildə tərtib olunmuş “Orfoqrafiya lüğəti”miz, həqiqətən də lazımsız sözlərlə yüklənmişdir. Həmin sözlərin çoxu əslində dar ünsiyyət dairəsinə mənsub olan, az işlənən terminlərdən ibarətdir ki, belə sözlər yaxşı olardı ki, terminologiya lüğətlərində verilsin. Geniş istifadə dairəsi olmayan, təqlidi sözlərə bənzəyən “car-cur”, “cıqq”, “cıp-cıp”, “dit-dit” kimi və dialekt sözləri olan “ağzıyelli”, “anarı” və s. sözlərin həm də “ağzıcırıq”, “ceşdirmə”, “açarın itirən” kimi loru sözləri orfoqrafiya lüğətlərində verilməsi sadəcə olaraq lüğətlərdən istifadəni çətinləşdirməkdir. Əgər 2013-cü il nəşrində məqsəd yeni söz yaratmaq olubsa, onda həmin sözləri mətbuat vasitəsilə xalqın müzakirəsinə çıxarmaq və sonra həmin sözləri lüğətlərə daxil etmək lazım idi.
Təklif edirəm ki, yenidən tərtib olunacaq “Orfoqrafiya lüğəti”nə çox ciddi yanaşılsın, artıq arxaikləşmiş sözlər və yuxarıda haqqında danışdıqımız sözlər dilin lüğət tərkibindən çıxarılsın.
Bu gün xalqın müzakirəsinə verilən orfoqrafiya qaydaları deməyə əsas verir ki, tərtib olunacaq yeni lüğət və orfoqrafiya qaydaları dövrün, zamanın və xalqın tələblərinə cavab verəcək bir lüğət olacaqdır.
40 ildən artıq bir müddət ərzində şagirdlərə dilçilik elminin sirlərini öyrədən bir müəllim kimi mənim də müzakirə olunan bu layihə ilə bağlı bir sıra təkliflərim var və çox istərdim ki, Orfoqrafiya Komissiyasının üzvləri mənim bu təkliflərimə biganə yanaşmasınlar.
Layihədə bildirilir ki, ədəbi tələffüzdə ilk səsi ı ilə deyilən sözlər olmadığı üçün aşağıdakı milli sözlər ilə yazılsın. Dilçilik elmindən xəbəri olmayan sadə Azərbaycan vətəndaşı o səbəbdənmi ilan, ildırım deyir? Əlbəttə yox. Bu tipli sözlər uzun illərdir ki, i səsi ilə tələffüs olunur və bunun xalqın ədəbi dil qaydalarını bilib-bilməməsi ilə heç bir əlaqəsi yoxdur. Deməli, bu bənd belə yazılmalıdır:
İlkin forması [ ı ] səsi ilə tələffüz olunmasına baxmayaraq, bu gün ilk səsi [ i ] kimi tələffüz olunan sözlər i hərfi ilə də yazılır: ilan, işıq, ildırım, işartı və s.
Adətən, alınma sözlər alan dilin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılır, milliləşdirilir. Layihədə mənbə dildə tərkibində -u saiti ilə yazılıb [ yu] kimi tələffüz olunan aşağıdakı sözlərin ədəbi dilimizin fonetik xüsusiyyətlərinə uyğun olaraq ü saiti ilə yazılması tövsiyə olunur. Əvvəla, kompüter, jüri, büro, karbürator kimi sözlər mənbə dildə -u ilə yazılıb [ yu ] ilə tələffüz olunmur. Əksinə yu ilə yazılıb [ yu ] kimi də tələffüz olunur.
Layihədə bildirilir ki, dilimizdə axırı – a ilə qurtaran bir sıra alınma sözlər var ki, sondakı a yazılmır: aksion, aptek, fabrik, reklam.
Sonu qoşa samit və [ a ] səsi ilə bitən anten, paralel, ton, qrup kimi sözlər dilimizin fonetik normalarına uyğunlaşdırılıb. Əgər belədirsə bəs niyə uzun illərdir ki, Əsgər, İsgəndər, işgəncə kimi sözlərdə də mənbə dildəki yazılışı deyil, dilimizin fonetik xüsusiyyətləri əsas götürülmür?
Bu sözlərin müxtəlifcinsli qoşa kar samitli sözlərin qoşa kar samitlə yazılıb, birincisinin kar, ikincisinin cingiltili tələffüzü qaydasına uyğunlaşdırmaqla biz heç bir yeniliyə nail olmuş olmuruq. Təklif edirəm ki, bu sözlər necə yazılırdısa, elə də saxlansın. O cümlədən lüğətlərdə kirpik formasında verilən söz kiprik kimi, aşpaz sözü aşbaz kimi verilməlidir. Oyunbaz, quşbaz sözlərində olduğu kimi.
Müzakirələrdə mənbə dildə söz ortasında qoşa ss samiti ilə yazılan sözlərin bir s ilə yazılması tövsiyə olunur: şose, masaj.
Təklif edirəm ki, əvvəlində, orasında və sonunda qoşa ss samiti ilə yazılan bir çox Rus-Avropa mənşəli sözlər bir s ilə yazılsın.
Əvvəlki orfoqrafik lüğətlərdə tərkibində -iyyat, -iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [ y ] ilə tələffüz olunur. (Görəsən o zamanlar necə tələffüz olunurmuş?). Ona görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir -y ilə yazılması məqsədə uyğun sayılır. Bilmək istərdim ki, o hansı fonetik prinsipdir? Əgər orfoepik prinsipdirsə o zaman əsgər, İsgəndər, işgəncə sözləri də niyə bu prinsipə əsaslanmır?
Əgər biz orfoepik prinsip əsasında sözlərin yazılışına nail olmaq istəyiriksə niyə bəs əsgər, İsgəndər, işgəncə kimi sözləri əksinə orfoqrafik prinsipə uyğunlaşdırmağa çalışırıq. Yaxşı olardı ki, dilimizin lüğət tərkibində olan sözlər ya orfoqrafik, ya da orfoepik normalara uyğun olaraq yazılsın.
Bitişik yazılan mürəkkəb sözlər haqqında olan qaydalar çox dəqiqdir. Mürəkkəb sözun tərkibində olan sözləri, quruluşu və yaxud həmin sözlərdə olan qrammatik şəkilçilərin növünə görə qruplaşdırılması yorucu olardı.
Defislə yazılan mürəkkəb sözlər isə aşağıdakı kimi qruplaşsaydı, daha yaxşı olardı:
1. Eyni sözlərin təkrarı ilə yazılan mürəkkəb sözlər: tez-tez, qaça-qaça
2. Yaxın mənalı, yəni sinonim sözlərin iştirakı ilə: bacı-qardaş,dost-tanış
3. Əks mənalı, yəni antonim sözlərin iştirakı ilə: gec-tez, gecə-gündüz
4. Tərəflərdən birinin leksik mənası olmayan sözlər vasitəsilə: əzik-üzük, kağız-kuğuz, mer-meyvə, az-maz və s.
5. Tərəflərinin hər ikisinin leksik mənası olmayan sözlər vasitəsi ilə: dizin-dizin, kələ-kötür, adda-budda və s.
6. İzafət tərkibləri: tərcümeyi-hal, külli-hal
7. Əks, eks, kontr, qeyri, ober kimi hissəciklərlə başlayan mürəkkəb sözlər: eks-prezident, qeyri-adi, vitse-prezident
8. Sifətin dərəcə əlaməti kimi işlənən açıq, tünd və ala sözlərinin iştirakı ilə yaranan mürəkkəb sözlər: tünd-göy, ala-seyrək
9. Ölçü vahidləri bildirən mürəkkəb sözlər: kilovat-saat, qram-kalori
10. Cəhətlər arasını bildirən mürəkkəb sözlər: cənub-qərb, şimal-sərq
Hesab edirəm ki, aşağıdakı sözləri yaxınmənalı sözlər qrupuna aid etmək və defislə yazmaq məsləhətdir: foto-albom, kino-film, kino-teatr.
Adda-budda, az-maz, əzik-üzük, top-top kimi sözlərin qoşa sözlər adı altında qruplaşdırılması ləğv olunmalı və həmin sözlər yuxarıdakı müvafiq qruplara daxil edilməlidir, çünki həmin bölgü konkret bir təsnifat deyildir və həmin sözlər yuxarıda göstərilən müxtəlif qruplara aiddir.
Layihədə -idi, -imiş, -ikən hissəciklərinin də yazılış qaydalarında dolaşıqlıq var.
Təklif edirəm ki, belə yazılsın:
İdi, imiş, ikən köməkçi sözləri samitlə bitən sözlərdən sonra həm ayrı, həm də bitişik (vətən imiş, vətənmiş, kitab imiş, kitabmış), saitlə bitən sözlərdən sonra isə ayrı yazılsın (gəlməli imiş, alma imiş, ora imiş, ata ikən).
Layihədə göstərilən 1 və 2 hecalı qoşmalar haqqında olan qaydalara “həm 1, həm də 2 hecalı qoşmalar vurğu qəbul etmirlər” cümləsini əlavə etmək yaxşı olardı.
Layihədə qeyd olunur ki, “ilə qoşması samitlə bitən sözlərdən sonra ahəngə uyğun olaraq la-lə formasında bitişik yazıla bilər”. Yaxşı olardı ki, həmin bənd belə yazılsın:
İlə qoşması samitlə bitən sözlərdən sonra ayrı və ahəngə uyğun olaraq la-lə formasında, saitlə bitən sözlərdən sonra isə ayrı yazılsın.
Həmçinin göstərilir ki, etibarilə, köməkilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözləri bu şəkildə yazılsın. Mənə elə gəlir ki, həmin sözlərdəki –i mənsubiyyət şəkilçisidir və buradakı ilə qoşması la-lə formasında sözə bitişik yazılıb (sözlərin köməyi ilə, iş görmək məqsədi ilə, onun vasitəsi ilə).
Fikrimcə, bitişik yazılan mürəkkəb bağlayıcılar sırasında həmçinin, hərçənd, yaxud kimi sözlərin verilməsi doğru deyil. Bunların tərkibində hətta leksik mənası olmayan iki söz belə yoxdur.
Layihədə bildirilir göstərilir ki, yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası baş Naziri, Azərbaycan Respublikasının Milli Məclisinin Sədri) nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, univeristet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adların tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır.
Azərbaycan Respublikası Təhsil naziri, Azərbaycan Respublikası Səhiyyə naziri kimi mürəkkəb adlarda sahə bildirən söz (Təhsil) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır. Təklif edirəm ki, vəzifə bildirən sözlərin də böyük hərflə yazılması məqsədə uyğun hesab edilsin. Bu həm orfoqrafiya qaydalarını sadələşdirər, həm də istifadəsini asanlaşdırar.
Beləliklə, Orfoqrafiya Komissiyasının üzvləri orfoqrafiya qaydalarına daha geniş, daha ətraflı şəkildə baxmalı və konkret olaraq qərara gəlməlidirlər ki, lüğətlərdə verilən sözlər (istər milli, istərsə də alınma) ya orfoqrafiya qaydalarına, ya da orfoepik normalara uyğun olaraq tənzimlənilməlidir. Əvvəlki lüğətlərdə verilmiş oyunbaz, quşbaz sözlərinin orfoepik, aşpaz sözünün isə orfoqrafik normaya uyğun verildiyi kimi, bu gün isə iyyət, iyyat və iyyə şəkilçilərinin tələffüzə, əskər, iskəndər, işkəncə kimi sözlərin isə orfoqrafik normaya uyğunlaşdırmaq cəhdi kimi yox.
Digər tərəfdən dilimizin lüğət tərkibinə daxil edilən, yaxud ediləcək bütün sözlərin ya hamısı milliləşdirilməli, yəni dilimizin ahənginə, fonetik xüsusiyyətlərinə uyğunlaşdırılmalı, ya da mənbə dildə olduğu kimi verilməlidir. Gah sanatoriya, metafora, gah da sanatori, metafor, gah da yenidən sanatoriya, metafora formasına keçmək istifadəçilərdə, xüsusən də dilçilik elmini öyrənənlərdə caşqınlıq yaradır. Bu baxımdan müzakirəyə çıxarılmış orfoqrafiya qaydalarında da xeyli qüsur vardır. Orfoqrafiya Komissiyasının üzvü olan hörmətli dilçi alimlərimiz gah mənbə dili əsas götürür, gah sözün milliləşdirilməsinə çalışır, gah sözün tələffüz formasına, gah da orfoqrafik qaydalarına əsaslanırlar. Bu məsələlər daha düzgün həll olunsa, dilçi alimlərimiz ümumi ortaq məxrəcə gəlsələr, o zaman orfoqrafiya qaydaları və yeni tərtib olunacaq orfoqrafiya lüğəti dövrün, zamanın və xalqın tələblərinə cavab verə bilər.
İntiqam İsmayılov,
Zərdab rayonu, M. Rahim adına Pərvanlı kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi
modern.az