Alman təyyarəsi Zərdabın Əlvənd kəndini necə bombalamışdı?

0
160

Zərdab rayonunun Kür sahilində yerləşən, 1800-cü illərdə rəsmi sənədlərdə “Böyükkənd” də adlanan Əlvənd kəndində bir zamanlar Şərqin ən böyük bazarlarından olan şənbə bazarı, karvansara, 1847-ci ildə Şirvan bölgəsinin ilk qənd sexi olub. Mənbələrdə göstərilir ki, Nizami Gəncəvi Atabəy Qızıl Arslanla Əlvənd ərazisində görüşüb.
Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır ki, 1775-ci ildə “Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu”…
Bu kənddə “Yarqıçı çökəyi” də var və mənbələrdə deyilir ki, Hülakilərin (Elxanilər) dövründə məhkəmə sistemi dindən ayrı idi, günahkarları şəriət qazisi yox, yasaya əsaslanan yarqıçı ittiham edirdi. Bu adda çökəkliyin mövcudluğu da Əlvəndin çox qədim və zəngin tarixindən xəbər verir.
Məntiqə görə Ağqoyunlu hökmdarı uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və qardaşı Məhəmməd Mirzə tərəfindən taxtdan salınan Əlvənd Mirzənin-Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu güman etmək olar.
XVIII əsrə aid sənədlərdə Əlvənddən ipəkçilikdə, ticarət və gəmiçilikdə rolu olan yer kimi danışılır və yazılır ki, həmin vaxtlar burada ipək emalı müəssisəsi, liman, karvansaralar, ticarət binaları, Qarabağa gediş-gəliş üçün bərə vardı. Əlvənd bazarına hər şənbə Ağcabədidən, Zərdabdan, Göycaydan, Ucardan, İmişlidən alverə gəlirdilər. Bu yerlərin kənd təsərrüfatı məhsulları Əlvənddə toplanır və gəmilərlə daşınırdı.
İndi də Qarabağ ərazisində “Əlvənd yolu” deyilən qədim yol var.
Ötən əsrin 60-cı illərinə qədər Əlvənddə qədim daş tikililərin qalıqları gözə dəyirdi.
Həsən bəy Zərdabi 1893-cü ildə “Kaspi” qəzetində yazırdı ki, XIX əsrin 60-cı illərində Moskvada yaşayan şamaxılı Qədir ağa və Hacı Abdulrəhman qardaşları hər biri yüz vedrə su tutan 30-a yaxın çuqun qazan alıb gətirib Əlvənd kəndində qurdurdular və biyan kökü şirəsi istehsal etməyə başladılar. Sonralar bir alman və erməni Martiros Ucar yaxınlığındakı Qarabörk kəndində biyan kökü şirəsi hazırlamağa başladı. Kür vadisindəki biyan kökü və ondan alınan şirə Avropaya, Amerikaya yollanır…
Yeri gəlmişkən deyək ki, Əlvənd və Otmanoba kəndlərinin yaxınlığında Kür çayının qayaları üstündə qərarlaşan, bir zamanlar burada həyat gur olduğu üçün Gur-Gur adlandırılan, indi cəmisi 7 ailənin yaşadığı, rəsmən Otmanoba kəndinin tərkibində olan Gur-Gur adlı kənd də Zərdabın qədim və ən böyük yaşayış məntəqələrindən olmuşdur. Gur-Gurun bu gün yaşayış olmayan hissəsində ötən onilliklərdə aparılan torpaq-təsərrüfat işləri zamanı qədim qab-qacaq və məişət əşyaları, yeraltı dren şəbəkəsi, tikili qalıqları aşkar edilmişdir.
Əlvəndin tarixinə aid maddi mənbələr 1960-cı illərdə kəndin “Dəvəçökəyi” ərazisində meliorasiya-irriqasiya işləri zamanı tapılıb. 4-5 metr dərinlikdə aparılan qazıntılar zamanı naxışsız gil qablar, bəzək əşyaları, qədim əmək alətləri tapılıb (ərazi arxeoloji tədqiqini gözləyir), bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə. IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında Xan qızının hanasının qaldığı yer kimi xatırlanır.
1956-cı ildə kənddəki köhnə qəbristanlıq ətrafında qazıntı zamanı küp qəbirlər tapıldı və bu, Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını sübut edir.
Tarixi mənbələrdə qədim “İpək yolu”nun Əlvənddən keçdiyi deyilir. Kəndin bir məhəlləsi Biləqanlı adlanır. Mütəxəssislər bunu XIII əsrdə monqolların məhv etdiyi qədim Beyləqan (xarabalıqları Mil düzündədir, Örənqala adlanır) şəhərindən köçüb gələnlərin nəsilləri hesab edirlər.
Əlvəndə bir zamanlar Kürdəmirin Sovla kəndindən də köçüb gəliblər. XX yüzilliyin 40-cı illərində isə Ermənistanın Abaran rayonunun Kirəşli kəndindən deportasiya edilən 35 azərbaycanlı ailəsi Əlvənddə məskunlaşdırılıb.
Azərbaycan teatrının yaradıcılarından və ilk aktyorlarından biri, 1918-ci ilin martında ermənilərin Bakıda törətdikləri vəhşilikdən sarsılan və az sonra sarsıntı içində vəfat edən Məhəmməd bəy Məlikov Əlvəndi, akademik Böyükkişi Ağayev Əlvənddə doğulmuşlar.
1941-ci il avqustun 25-də alman təyyarəsi Əlvənd üzərində uçmuş, bu kəndin ərazisini bombalamışdır. Həmin yandırıcı bombalardan biri kəndin taxıl zəmisinə düşmüş, partlamamışdır və həmin bomba bu gün də Zərdab tarix-diyarşünaslıq muzeyində N2259 saylı eksponat kimi nümayiş etdirilir.
Şəkildə: alman təyyarəsindən Əlvəndə atılan bomba.

İsaməddin Əhmədov.

Mənbə: “Əkinçi” qəzeti