Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Asambleyasının Kiyevdə keçirilən 50-ci Baş Assambleyasında çıxış edib. Zerdab.com saytı deputatın çıxışını təqdim edir:
Hörmətli həmkarlar!
Bir ölkənin dövlət olaraq möhkəmlənməsinin, gələcəyinin təhlükəsiz olmasının əhəmiyyətli şərtlərindən biri də gənclərin bütün sahələrdə iştirakını təmin etmək, onların qabaqcıl mövqeyə gəlməsinə şərait yaratmaqdır. Fikrimizi qısaca belə ifadə edə bilərik: Gənclərə münasibət ölkənin sabahına olan münasibət kimi qiymətləndirilməlidir.
Azərbaycan dövləti də bu həqiqətə istinad edərək gənclər siyasətinə böyük əhəmiyyət verməkdədir.
Azərbaycanda gənclər siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi sahəsində fəaliyyətlər Azərbaycan xalqının milli lideri Heydər Əliyevlə başlanmışdır.
Ölkəmizdə ilk Gənclər Forumu onun təşəbbüsü ilə 1996-cı ilin 2 fevral tarixində keçirilmişdir. Artıq 20 ildir ki, həmin Forumun keçirildiyi 2 fevral Azərbaycanda Gənclər Günü kimi yüksək səviyyədə qeyd edilir.
Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” qanunda yer almışdır. Həmin qanun gənclərin mənəvi-əxlaqi tərbiyəsini, sosial-mədəni həyatda iştirakını, onların məşğulluğunun təmin edilməsini, istedadlı gənclərə dövlət qayğısını, onların sağlamlığının qorumasını, fiziki inkişafını, gənc ailələrə və gənclər təşkilatlarına dövlət tərəfindən dəstək verilməsini və b. əhatə edir.
Azərbaycan gənclər siyasəti haqqında danışarkən 2005-ci ildən etibarən son 12 ildə hazırlanan və qəbul edilən 3 əhəmiyyətli proqramı mütləq qeyd etməliyik. Belə ki, “2005-2009” , “2011-2015” və ən son “2017-2021”-ci illər Azərbaycan Gənclyi Dövlət Proqramları, dövlət başçsısının Azərbaycan gəncliyinə verdiyi əhəmiyyətin və göstərdiyi qayğının bariz nümunəsidir.
Bu proqramlarda göstərilən hədəflərin müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində gənclərimiz bu gün ölkədə baş verən proseslərin müşahidəçilərindən iştirakçılarına çevrilmişlər.
Proqramın əsas hədəfi gənc mütəxəssislərin işlə təmini və onların sosial-iqtisadi problemlərinin həllinə yardımçı olmaqdır. Gənclərin məşğulluğu və gənc iş adamlarına dəstək verilməsi də əhəmiyyətli yerdədir.
Gənclər siyasətinin əhəmiyyətli şərtlərindən biri də elm və təhsillə bağlıdır. Ölkənin bütün regionlarında müasir tipli məktəblər inşa edilmiş, ali və orta təhsil müəssisələri ən moderin texnologiyalar ilə təchiz edilmişdir. Yüksək nəticə göstərən gənclər Prezident təqaüdləri ilə mükafatlandırılırlar.
Proqrmada yer alan daha bir həssas məsələ-gənc ailələrə güzəştli ipotekaların verilməsi ilə bağlıdır. Son illərdə ipoteka kreditlərinin verilməsi şərtləri asanlaşdırılmış və gənclərə daha çox imkanlar verilmişdir. Son büdcə müzakirələri sırasında, güzəştli kreditlər üçün nəzərdə tutulan 100 milyon vəsait 150 milyona yüksəldilmişdir.
“Bu günki gənc sabah ölkəmizi idarə edəcəkdir” deyən Prezident İlham Əliyev tərəfindən gənclərin bacarığından tam və doğru istifadə edilməsi, onların faydalı məşğulluqlarının təmin edilməsi, dövlət idarəetməsində peşəkar kadrlar kimi hazırlanması məqsədi ilə kompleks addımlar atılmaqdadır.
Dəyərli həmkarlar !
Bütün bu sadaladıqlarımız Azərbaycan gənclərinin müvəffəqiyyəti, onlara yaradılan şəraitin bir hissəsidir. Amma bu, onların problemlərinin olmadığı və ya tam xoşbəxt olduqları mənasına gəlmir.
Çünki, Azərbaycan gəncinin, hər bir Azərbaycanlı kimi, çox böyük bir problemi var. Bu da təxminən 30 ildir işğal edilən Azərbaycan torpaqlarıdır. Gənclik yaşını 15-35 yaş arası olaraq götürsək, o zaman tam mənzərə ortaya çıxar.
Azərbaycan gənci işğalla eyni yaşdadır. Onların sıralarında talehinə ta uşaqlığından bəri qaçqınlıq payı düşən 10 minlərlə gənc var. Bu gənclər öz vətənlərində vətən həsrətiylə qocalan ata-anaların, baba-nənələrin övladlarıdırlar. Bu gənclər çadır şəhərciklərində doğulub böyümüş, çadır şəhərciklərində məktəblərə getmişlər. Bəziləri isə, ananın, atanın nə olduğunu belə bilmirlər. Çünki, onları müharibədə itiriblər.
Bu gənclər hazırda həyatlarının ən məhsuldar, potensiallarının aşıb daşdığı bir dövrdədirlər. Onlar doğma torpaqlarına qayıtmaq, orada faydalı olmaq istəyirlər. Doğma torpaqlarını əkib-becərmək, uşaqlara təhsil vermək, xəstələri müalicə etmək,dağıdılan evlərini yenidən qurmaq istəyirlər.
Bu, onların təbii haqqıdır. Azərbaycan dövləti, onların bu təbii hüquqlarının geri qaytarılması üçün bütün imkanlarını səfərbər etmişdir.
Biz- İlahi Ədalətin zəfər çalacağına inanırıq.
Amma bu zəfərin qazanılması üçün, hamız, bütün beynəlxalq təşkilatlar işğalçıya, işğalçılara “dur” deməyi bacarmalıyıq . Hamımızın övladı var. Və kimliyindən, milliyətindən asılı olmadan, biz onların savaş meydanlarında məhv olmasını deyil, barış meydanlarında var olmasını, arzu edirik !