Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Pərvanlı kənd orta məktəbində “Narkomaniya əsrimizin bəlasıdır”, “Erkən nigah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, görüşdə polis əməkdaşları ilə yanaşı, pedaqoji heyət üzvləri, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Zərdab RPŞ-nin rəisi, polis polkovniki Teymur Hacıyev narkotik və psixotrop maddələrin aludəçisinə çevrilən şəxslərin istər-istəməz cəmiyyətə, ailəyə və genefonda ziyan vurduğunu bildirib. O, narkotik vasitələrdən asılılığın insanı cinayətə apardığına dair çoxsaylı nümunələr göstərərək, yeniyetmələri cəmiyyətdə düzgün mövqe tutmağa və sağlam həyat yaşamağa səsləyib.
Polis rəisi görülən uğurlu əməliyyat tədbirləri haqda geniş məlumat verib, narkotik vasitələrin dövriyyəsinin yolverilməz olduğunu və bu istiqamətdə aparılan işlərdə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının qətiyyət nümayiş etdirdiyini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra tədbirdə çıxış edən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Amil Seyfullayev narkotik vasitələrin, erkən nigaha daxilolmanın fəsadlarından, eləcə də insan sağlamlığı üçün təhlükə yaradan cəhətlərindən söhbət açıb, gənclərin sağlam, vətənpərvər ruhda böyüməsinin cəmiyyət üçün əsas inkişaf meyarlarından olduğunu izah edib. O, din pərdəsi altında yalan vədlər verib insanları xurafata sürüklüyənlər haqda da geniş danışaraq gəncləri onların təbliğatının təsirindən qorumaq üçün valideynlərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib.