Zərdab rayonunda baramaçılıq üçün möhkəm yem bazasının yaradılması məqsədilə bu payız 180 min tut tinginin əkilməsi nəzərdə tutulub və hazırda bütün ərazi vahidlərində ting əkin sürətlə davam etdirilir.
Zerdab.com xəbər verir ki, Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Zərdabda artıq 55 mindən çox ting əkilib. Əkilən tinglərin xeyli hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilib. Nazirlikdən rayon üçün ümumilikdə, 120 min tingin ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında rayona Çindən gətirilən 60 min tut tingi də göndərilib. Tinglər ərazi icra nümayəndəliklərinə paylanılıb. Sahələrin ayrılması, hazırlanması və əkinin gedişatı mütəxəssislərin nəzarəti altında aparılır.