Biyanın dünyada 18 növü yayılıb. Azərbaycanda onun 8 növü bitir. Şirin biyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Biyan sənaye əhəmiyyətinə görə əvəzsiz bitkilərdən biri hesab olunur.
Zerdab.com saytı xatırladır ki, Zərdab ərazisində də biyan bitən ərazilər çoxdur. Bəzi mənbələrə görə, Azərbaycanda ən şirin biyan Zərdab ərazisində yetişir. Odur ki, Zərdab rayonu ərazisində indiyədək kustar üsulla istismar olunan biyanın daha geniş sahədə yetişdirilməsi və emalının təşkil edilməsi üçün burada biyan zavodunun inşa edilməsinə ehtiyac var.
Qeyd edək ki, şirin biyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə əleyhinə, xüsusən, ət və göbələk zəhərlənmələrinə qarşı müalicə vasitəsi kimi istifadə olunur. Hazırda Zərdab rayonu ərazisində yığılan biyan kökü digər rayonlarda fəaliyyət göstərən biyan zavoduna təhvil verilir. Halbuki belə bir zavodun rayonumuzda açılıb, istifadəyə verilməsi həm yeni iş yerlərinin açılmasına şərait yaradar, həm rayon iqtisadiyyatına müsbət təsir göstərər, həm də sahibkarlarımız ölkəmizdə biyan bitkisinin kökündən emal olunan qiymətli məhsulların əldə olunmasına öz töhfələrini vermiş olarlar.
Zerdab.com
© Materiallardan istifadə edərkən sayta istinad olunmalıdır.