9 saylı Ərazi Vergilər İdarəsi xəbərdarlıq edir

0
172

9 saylı Ərazi Vergilər İdarəsi bir sıra vergi ödəyiciləri tərəfindən başqa mülkiyyətçiyə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) etibarnamə əsasında uçota alınması ilə bağlı müraciətlərin artması, habelə etibarnamə əsasında digər şəxslərə məxsus daşınmaz əmlakdan istifadə halları ilə bağlı bildirir ki, bu, respublika Mülki Məcəlləsinin tələblərinə ziddir. Mülki Məcəllənin 362.1 maddəsinə əsasən bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçi əqd bağlanması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
Məcəllənin 152.8-ci və 359.1-ci maddələrində etibarnamə ilə rəsmiləşdirilməsi mümkün olan mülki hüquq münasibətləri nəzərdə tutulmuşdur. 152.8-ci maddəyə əsasən mülkiyyətçi əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur. O, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi 3-cü şəxsin mənafeyi naminə idarə etməlidir. 359.1-ci maddəyə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlətin və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i. a.) bəlli ola bilər.
Bu maddələrdən də göründüyü kimi, etibarnamə yalnız etibar edənin 3-cü şəxslər qarşısında təmsil olunması, onun hüquq və mənafelərinin həyata keçirilməsi üçün verilir. Buna görə də etibar edilən şəxs etibar olunmuş əmlakdan öz xeyrinə hər hansı hərəkətlər edə, o cümlədən vergi ödəyicisi kimi qeydiyyata duraraq etibarnamə əsasında verilmiş əmlakdan öz mənafeyi naminə istifadə edə bilməz. O, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi 3-cü şəxsin mənafeyi naminə idarə etməlidir. Əgər etibar edilən şəxs onun idarəçiliyinə verilmiş əmlakdan öz mənafeyi naminə istifadə edirsə, bu halda münasibətlər müli-hüquqi müqavilələr, o cümlədən Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi ilə rəsmiləşdirilməlidir. Həmin maddədə göstərilir ki, “icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verilir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur”.
Hazırkı halda təsərrüfat subyektləri (obyektləri) vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti göstərilməsi (obyektin istifadəsindən gəlir əldə edilməsi) məqsədilə istifadəyə götürüldüyündən, Mülki Məcəllənin 700-cü maddəsinə müvafiq olaraq icarə müqavilələri bağlanmalı və müqavilədə icarə haqqı müəyyənləşdirilməlidir.
“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir, həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.
Qanunvericilikdə icarə haqqının müqavilə tərəflərinin formal mülahizəsinə əsasən formalaşdırılması nəzərdə tutulmamış və həmin haqqın müəyyən edilməsinin konkret meyarları müəyyən edilmişdir.
Vergilər nazirinin 15 yanvar 2008-ci il tarixli əmri ilə təsdiq olunmuş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair” metodiki göstərişlərin Mülki Məcəllənin tələblərinə uyğunluğunun, icarə ilə bağlı məsələlərə xüsusi proqram təminatı vasitəsi ilə nəzarətin təşkilinin və bu sahədə vergi orqanlarının fəaliyyətinin qanuniliyinin təmin edilməsi məqsədi ilə Vergilər nazirinin 23 sentyabr 2011-ci il tarxili əmri ilə “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair” metodiki göstərişlərə əlavə və dəyişikliklər edilmiş və buna müvafiq olaraq təsərrüfat subyektinin (obyektinin) sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəyə verildiyi halda, obyektin uçota alınması üçün əsas olan sənəd kimi yalnız icarə müqaviləsi müəyyən edilmiş, icarəyə verən fiziki şəxsin şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, PİN kodu barədə məlumatların xüsusi proqram təminatına daxil edilməsi nəzərdə tutulmuşdur.
İstifadə hüququ əsasında təsərrüfat subyektini (obyekti) uçota qoyarkən, həmin hüququn əsası kimi etibarnamə yox, yalnız icarə müqavilələri əsas götürülərək bağlanmalıdır və icarə haqlarından ödəmə mənbəyində vergi, Vergi Məcəlləsinin 124-cü və 150-ci maddələrinə uyğun şəkildə tutulmalı və dövlət büdcəsinə köçürülməli, həmçinin Vergi Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq bəyənnamə təqdim edilməlidir. İstifadənizdəki təsərrüfat subyektini (obyekti) icarə müqaviləsi ilə rəsmiləşdirməklə qanunvericiliyə riayət etmiş olarsınız.
Əlavə məlumat üçün Vergilər Nazirliyinin 195 saylı telefon xidmətinə və internet saytına (taxes.gov.az), 9 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinə müraciət edin.
Əlaqə telefonu: (0167) 4-60-14

9 saylı Ərazi Vergilər İdarəsi