Gənclər təşkilatları arasında nümunəvi QHT – “Gəncliyə Dəstək” İctimai Birliyi

0
78

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi, ilk qeyri-hökumət təşkilatlarının (QHT-lərin) yaranması və fəaliyyəti hələ XIX əsrin 70-ci illərinin əvvəllərindən başlayır. Azərbaycanda ilk xeyriyyə cəmiyyətinin – QHT-nin yaranması Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Azərbaycanda qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1872-ci ildə ilk dəfə Həsən bəy Zərdabi tərəfindən Azərbaycan milli xeyriyyə cəmiyyəti yaradılmış, 1873-cü ildə cəmiyyət tədricən bağlanmışdır. Daha sonra 1905-ci ildə “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” yaradılmışdır.

Müasir dövrümüzdə də bu missiya ləyaqətlə davam etdirilir. Zərdab rayonunda, ümumiyyətlə, yaxın regionda ilk gənclər təşkilatı olan “Gəncliyə Dəstək” İctimai Birliyi belələrindəndir. 2006-cı ildə təsis edilmiş, 03.07.2007-ci ildə qeydiyyata alınmışdır. Təşkilatın sədri Eldar Xəlilovdur. Zərdab rayonunun ictimai həyatında xüsusi fəallıq göstərən Eldar Xəlilovun səyi və bacarığı nəticəsində “Gəncliyə Dəstək” İctimai Birliyi bu gün gənclər təşkilatları arasında nümunəvi QHT təşkilatına çevrilə bilmişdir. Dövlətimiz də QHT-lərin hərtərəfli fəaliyyəti üçün onlara dəstək verir.

Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, dövlət orqanları ilə əməkdaşlıq şəraitində çalışan QHT-lərin fəaliyyəti güclənir, iş adamları, idarə və müəssisələr mövcud imkanlardan səmərəli istifadə etməklə bu təşkilatların layihələrinə dəstək verməyə maraq göstərirlər. Bu istiqamətdə konkret olaraq “Gəncliyə Dəstək” İctimai Birliyinin fəaliyyəti xüsusilə diqqətə layiqdir.

“Gəncliyə Dəstək” İctimai Birliyi tez-tez əhəmiyyətli layihələrlə çıxış edir. Belə çox əhəmiyyətli layihələrin biri bir neçə gün öncə reallaşıb. Respublika Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə Zərdab və Ucar rayonlarında “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və yerlərdə özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar maarifləndirilməsi” adlı layihəsi böyük diqqət cəlb edib. 3 ay müddətində həyata keçirilən layihə sayəsində onlarla gənc maariflənərək müstəqil olaraq iş qura biliblər. Çox mühüm əhəmiyyət kəsb edən bu layihə gənclər arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin təbliğinə və biliklər qazanılmasına, kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında gənclərin rolunun artırılmasına xidmət etmiş, bu da onların məşğulluğunun təmin olunmasına, iqtisadiyyatın inkişafına, yoxsulluğun azaldılmasına və bu istiqamətdə aparılan hökumət siyasətinə töhfə ola bilər.

Eyni zamanda “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İctimai nəzarətin təşviqində gənclərin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili” layihəsini icra edir. Layihə ictimai nəzarətin təşviqində gənclərin rolunun artırılması məqsədini güdür. Öz maarifləndirici və dəstəkverici missiyasını ləyaqətlə davam etdirən “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov günün nəbzini tutan layihələrini davam etdirməkdədir. Yolunuz açıq, işiniz avand olsun!

Tərlan Abdullayeva, “Əkinçi”nin müxbiri