Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması, hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, strategiya qurmaq və intellektual inkişafa dəstək olmaq məqsədilə “Poliqon” Strateji İntellekt oyunu yaradılıb.
Zerdab.com saytı oxu.az-a istinadən xəbər verir ki, oyun bu məqsədləri özündə birləşdirən yeganə intellektual layihədir.
2015-ci ilin fevral ayından yola çıxan Strateji İntellekt Oyunu çoxsaylı test oyunlarından sonra 5 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən 9107 nömrəli Şəhadətnamə ilə qeydiyyata alınmış və 2 ildən artıq müddətdir ki, Zərdab rayon Gənclər və İdman İdarəsi tərəfindən Gənclər Mərkəzində mütəmadi olaraq keçirilir.
Cari ilin payız aylarından başlanaraq oyunun ölkə miqyaslı yarışlarına start veriləcək.
Oyunun qaydaları isə aşağıdakı kimidir:
– Hər bir oyunda 2,4,6,8,10 və daha artıq cüt sayda komandalar iştirak edir.
– Hər bir komandanın tərkibi 6 əsas və 2 ehtiyat oyunçu olmaqla, 8 nəfərdən ibarətdir.
– Komandalar mübarizəni 6 nəfərlə aparırlar.
– Oyun 4 əsas və zərurət yaranarsa, əlavə ekstra mərhələdə keçirilir.
I mərhələ: Kəşfiyyat mərhələsi.
Bu mərhələnin məqsədi növbəti mərhələlərdə strateji gedişləri müəyyən etmək üçün rəqibin güclü və zəif fərdlərinin müəyyən olunmasıdır.
II mərhələ: Hədəf mərhələsi.
Bu mərhələnin məqsədi rəqib komandanın zəif fərdindən istifadə edərək, öz komandasının üstünlüyünü təmin etməkdir.
III mərhələ: Girov mərhələsi.
Bu mərhələnin məqsədi rəqib komandanın ən güclü fərdini oyundan kənarlaşdıraraq, gücünü zəiflətməklə, öz komandasının üstünlüyünü təmin etməkdir.
IV mərhələ: Zəfər mərhələsi.
Bu mərhələnin məqsədi komandaların ən güclü fərdlərindən istifadə edərək, öz üstünlüklərini təmin etməsidir.
V mərhələ: Ekstra mərhələsi.
Bu mərhələ üç mərhələnin sonunda komandaların balları eyni olarsa, oynanılır.
Xatırladaq ki, ideyanın müəllifi Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyevdir.