2012-ci ildə Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) 170 illiyi tamam olur.
Azərbaycanda sosial-mədəni həyatın on doqquzuncu əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır. Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu “Əkinçi” qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoymuş, dövrünün ziyalılarını bu qəzet ətrafında birləşdirərək taleyüklü mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynamışdır.
Xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş Həsən bəy Zərdabinin 170 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2012-ci il.