Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Zerdab.com saytı xəbər verir ki, müşavirədə Prezident İlham Əliyev giriş nitqi ilə çıxış edib. Respublika müşavirəsində bir çox rayonların, o cümlədən Zərdab Rayon İcra Hamiyyətinin başçısı Lütvəli Babayev çıxış edib.
Zerdab.com saytı Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin müşavirədəki çıxışını təqdim edir:
- -Möhtərəm cənab Prezident.Hörmətli müşavirə iştirakçıları.Cənab Prezident, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələri kimi, Zərdab rayonu da gündən-günə inkişaf edir, abadlaşır. Sizin vaxtaşırı rayonumuza səfər edərək yeni tikilən obyektlərin açılışında iştirakınız və ictimaiyyət nümayəndələri ilə görüşləriniz əhalimizdə yüksək əhval-ruhiyyə yaratmaqla, rayonumuzun hərtərəfli inkişafına böyük təkan verib. Aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən yeni-yeni layihələr rayon sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.
Sizin rəhbərliyinizlə qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizdə bütün növ kənd təsərrüfatı məhsulları istehsalının artmasına, ərzaq təhlükəsizliyinə, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və insanların sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edir.
Ölkəmizdə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, fındıqçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişaf etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlar kənd həyatının canlanmasına, əhalinin dövlətimizə və onun müdrik rəhbərinə məhəbbətinin daha da artmasına səbəb olub. Biz bunu ölkəmizin kənd təsərrüfatı rayonlarından biri olan Zərdabın timsalında aydın şəkildə görürük.
Möhtərəm cənab Prezident, fındıqçılıq, tütünçülük və baramaçılığın inkişafı məsələlərinə həsr olunmuş bugünkü müşavirənin keçirilməsi bu sahə ilə məşğul olan insanlara göstərdiyiniz diqqət və qayğının parlaq təzahürüdür. Məlumat üçün bildirmək istəyirəm ki, tarixən Zərdab rayonunun əhalisi baramaçılıqla məşğul olub, keçmiş Sovetlər Birliyi dövründə 293 ton barama tədarük ediblər. Azərbaycanın bütün təbii sərvətləri kimi baraması və ipəyi də dünyada özünəməxsus şöhrət qazanıb. Baramaçılıqla bağlı keçirilən beynəlxalq konfranslarda Azərbaycan baraması, xüsusən Zərdab baramasının ipəyi parlaqlığına və keyfiyyətinə görə daim yüksək qiymətləndirilib.
Cənab Prezident, son illərdə respublikamızda baramaçılığın inkişafına dair verdiyiniz tapşırıqlar, qəbul olunmuş qərarlar Zərdab rayonunda baramaçılığın dirçəlməsinə böyük təkan verib. Uzun fasilədən sonra 2016-cı ildə baramaçılarımız bu işlə məşğul olmağa başlayıb və 5710 kiloqram barama tədarük ediblər.
2016-cı ilin dekabr ayında Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ilə birlikdə rayonumuzda səfərdə olarkən Sizin Zərdabda tədarük edilmiş 6 tona yaxın baramanın gələn il ən azı 3 dəfə artırılması ilə bağlı tapşırığınız məsuliyyətimizi qat-qat artırıb və cari ildə baramaçılarımız daha yaxşı işləyərək 24 ton proqnoz tapşırığa qarşı 27 tondan çox barama tədarük ediblər. Bu göstərici 2016-cı ilə nisbətən təqribən 5 dəfə çox olmaqla, respublikada əldə olunan ən yüksək göstəricidir. Rayonun Məlikli kəndində kümçü İsrayıl Abbasov 263 kiloqram, Bıçaqçı kəndində kümçü Əmrah Aslanov 235 kiloqram, Yuxarı Seyidlər kəndində kümçü Yusif Musayev 215 kiloqram barama tədarük edərək yüksək nəticəyə nail olublar. 700 nəfərə yaxın kənd sakini mövsümi işlə təmin edilib. Baramaçıların ailə büdcəsinə 240 min manatdan çox vəsait daxil olub ki, bunun 106,8 min manatını emal müəssisəsi ödəyib, 133,3 min manatı isə dövlət tərəfindən ödənilən subsidiya olub.
“Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Sərəncamınızla yaş baramanın hər kiloqramına görə baramaçılara subsidiyanın verilməsi, xarici ölkədən gətirilən tut tinglərinin yerlərdə əkilməsi baramaçılığın inkişafına çox böyük stimul yaradıb. Təkcə 2016-cı ildə Zərdab rayonu ərazisində 260 mindən çox tut tingi əkilib ki, bu da yaxın illərdə daha yüksək səviyyədə barama istehsalı üçün yeni imkanlar yaradacaq.
Hazırda kümçülərimiz 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq məqsədilə yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görürlər. 2018-ci ildə rayonumuzun baramaçıları 50 tona yaxın yaş barama tədarük etmək əzmindədirlər.
Möhtərəm cənab Prezident, icazənizlə bu yüksək kürsüdən mənə verdiyiniz fürsətdən istifadə edərək, zərdablı kümçülərin bir xahişini səsləndirmək istərdim. Qarşıdakı illərdə barama tədarükü sahəsində hədəflərimizin daha yüksək olduğunu nəzərə alaraq, kümçülərin tədarük etdikləri baramanın vaxtında təhvil verilməsi üçün Zərdab rayonunda barama qəbulu məntəqəsinin yaradılması üçün aidiyyəti təşkilatlara müvafiq göstəriş verilməsini xahiş edirik.
Bütün bu qeyd olunanlarla yanaşı, bildirmək istəyirəm ki, cari ildə taxılçılarımız da uğurlu nəticələr qazanıblar. Keçən ilə nisbətən 6 min 721 ton çox olmaqla, 58 min 822 ton taxıl istehsal edilib ki, bu da rayonun tarixində ən yüksək göstərici olmaqla, hər bir zərdablıya 1017 kiloqram taxıl düşməsi deməkdir. Buğda istehsalı üzrə məhsuldarlıq 31 sentner təşkil edib. Eyni zamanda, 2017-ci ildə ötən ilə nisbətən 4 dəfə çox, 3232 hektar sahədə pambıq əkilib və becərmə işlərinə 2200 nəfərə yaxın işçi qüvvəsi cəlb olunub.
Tapşırıqlarınıza əsasən, torpaqlardan daha səmərəli istifadə olunması məqsədilə əkinəyararlı yeni torpaq sahələrinin dövriyyəyə daxil edilməsi, yeni aqroparkın yaradılması, torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılması, o cümlədən 10 min hektar torpaq sahəsinin suvarılması üçün Kür çayından 15 kilometr məsafəyə su xəttinin çəkilişinin qısa müddətdə təmin edilməsi rayonumuzda aqrar sahənin inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Çıxışımın sonunda Sizi əmin etmək istəyirəm ki, respublikamızda aqrar sektorun inkişafı sahəsində qarşıya qoyduğunuz mühüm vəzifələrin rayonumuzda uğurla icra olunması üçün bütün imkanları səfərbər edəcək, qarşıdakı illərdə daha yüksək nəticələrə nail olmaq məqsədilə bu işlərə öz layiqli töhfələrimizi verəcəyik.
Diqqətinizə görə minnətdaram.