22 iyul Milli Mətbuat Günü ilə əlaqədar Zərdab rayon Həsən bəy Zərdabi Muzeyi “Mənim Milli Mətbuatım -142” adlı tədbir keçirib.
“Zerdab.com” saytına verilən məlumata görə, tədbirdə bildirilib ki, Həsən bəy Zərdabinin yaradıcılığının ən uca zirvəsi “Əkinçi ” qəzetini nəşr etməsi olmuşdur ki, bununla H. B. Zərdabi Azərbaycanda yeni bir tarixin başlanğıcını qoyub. 1875-ci il iyulun 22-də nəşr olunan “Əkinçi” qəzeti xalqımızın mədəniyyət tarixində yeni bir yol açıb. Əsası keçən əsrin ikinci yarısında qoyulmuş “Əkinçi” qəzeti milli mətbuatımızın, mənəvi mədəniyyətimizin tarixində şərəfli səhifələr yazıb, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərimizin qorunub saxlanılmasında misilsiz rol oynayıb.
Qeyd edilib ki, H. B. Zərdabi “Əkinçi” qəzetini nəşr etməklə Azərbaycanda o dövrə qədər mövcud olmayan mətbuat dilinin və üslubunun əsasını qoyub.
Cəmi 56 nömrə ilə milli jurnalistikamızın həmişəyaşar tarixini yazan Zərdabi bütün həyatını təqiblərdən, nadanlardan, açıq və gizli hədələrdən çəkinmədən xalq, millət, maarif işığı yolunda əridib.