Zərdabda hesabat yığıncağı keçirildi, görülən işlərin hesabatı verildi – FOTOLAR

0
98

2017-ci ilin birinci yarısında Zərdab rayonunda sosial-iqtisadi sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Zerdab.com əvvəlcə həyata keçirilən tədbirlərdən bəhs edən videoçarx nümayiş etdirilib. Hesabat yığıncağında bildirilib ki, infrastruktur layihələrin həyata keçirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində tədbirlər görülüb. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bildirib ki, cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin həcmi 48 milyon 187 min manat olub. Bunun 32 milyon 465 min manatı kənd təsərrüfatının, 851 min 200 manatı tikintinin payına düşüb. Yarım il ərzində rayonda fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən 39 milyon 334 min manatlıq istehsal malları satılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz çoxdur. Hesabat dövründə tikinti-quruculuq və abadlıq işləri də davam etdirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılan 3 milyon manat vəsait hesabına 27 kommunal binada əsaslı təmir işləri görülüb. Görülən tədbirlər nəticəsində sutkalıq gücü 20 ton olan və 100 nəfərə yaxın insanın çalışdığı süd emalı zavodu, əkin dövriyyəsinə yeni daxil edilmiş 10 min hektar sahənin suvarılmasını təmin edəcək su nasos stansiyası, 35 yerlik İsaqbağı kənd körpələr evi-uşaq bağçası istifadəyə verilib. Rayonun müxtəlif küçələrinə asfalt örtüyü döşənib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial təyinatlı layihələr çərçivəsində “32 hektar” adlanan ərazidə 50 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilib. Görülən tədbirlər nəticəsində 545-i daimi olmaqla 2700-dən çox yeni iş yeri yaradılıb. Rayonda elektrik təsərrüfatının yenidən qurulması istiqamətində də konkret addımlar atılıb. Gəlmə, Salahlı və Burunlu kəndlərində transformator məntəqələrindən çıxan açıq elektrik hava xətləri SİP kabellərlə əvəz olunub. 110-35-10 kv-luq Ucar-Zərdab hava xətlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Şəhərin 5 küçəsində və “32 hektar” adlanan yaşayış massivində ümumilikdə 835,4 paqonometr uzunluğunda paylayıcı qaz xətti çəkilərək sakinlərinə istifadəsinə verilib. Yanvar-iyun ayları ərzində magistral yol kənarlarında, pay torpaqlarında və digər ərazilərdə iməcilik yolu ilə 30 minə yaxın şam, küknar, iydə, türk qovağı və digər ağaclar əkilib. Hesabat dövrü xüsusilə kənd təsərrüfatı sahəsi üçün uğurlu olub. Belə ki, rayonda 58 min tondan çox taxıl istehsal edilib. Bu göstərici rayon tarixinin ən yüksək göstəricisidir. Rayon üzrə proqnoz tapşırığa 112,2 faiz əməl olunaraq 27 tondan artıq barama tədarük edilib. Bu, respublikada ən yüksək göstəricidir. Bununla belə barama qurdunun yem bazasının möhkəmləndirilməsi üçün 260 mindən çox tut tingləri əkilərək becərilməsi diqqət mərkəzində saxlanılıb. Yaz aylarında 3 min hektardan artıq ərazidə çiyid səpini aparılıb. Hazırda pambıq sahələrində kompleks becərmə işlərinə 2000 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Rayonda iri buynuzlu mal-qaranın sayı 54612 başa, qoyun-keçilərin sayı 113291 başa çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 92 və 12 baş çoxdur. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda 5 süni mayalama texniki tərəfindən 1385 baş inək və düyədə süni mayalama aparılıb, 438 baş sağlam bala alınıb.
Hesabat yığıncağında bir çox sahələrdə mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Kənd təsərrüfatının daha da inkişafı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib.
Sonda müvafiq qərar qəbul edilib və yığıncaq iştirakçıları adından Ölkə Prezidentinə müraciət ünvanlanıb.

Lutveli Babayev- Zerdab