İyulun 6-da Zərdab rayon Mərkəzi Kitabxanasında “Erməni vəhşılıklərinə son qoyulsun!” başlıqlı aksiya keçirilmişdir. Zerdab.com saytının məlumatına görə, aksiyanın keçirilməsində məqsəd iyulun 4-ü, axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətli hadisəsinə etiraz bildirməkdir.
Aksiyanı Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva açaraq, Ermənistan dövlətinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarını pisləyib və bu cür qətliamların cəzasız qalmasına imkan verilməməsini vurğulayıb. O, bildirib ki, şərəfsiz erməni ordusunun gücü yalnız körpələrə və qadınlara çatır: “Biz hamımız həmrəy olmalıyıq. Nə qədər acılı olsa da, təmkinimizi qorumalıyıq. Zəhra balamızın qanı yerdə qalmamalıdır. Ermənilərin və onların havadarlarının cəzaları layiqincə verilməlidir”.
Uşaq şöbəsinin əməkdaşı, Məlahət Cavadova çıxış edərək, söylədi ki, müharibə şəraiti olmasına baxmayaraq, müharibənin qanunları var – uşaqlar, qocalar, qadınlar, əliyalın insanlar toxunulmazdır: “Mənim də evimdə bir azyaşlı Zəhra adlı qızım böyüyür. Ana kimi heç bir valideynə bala dağı, bala acısı arzulamıram. Mən də ermənilərin vəhşiliklərinə etiraz edirəm”.
Mərkəzi Kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova çıxışında bildirdi ki, Ermənistan Atəşkəs dövründə 32 Azərbaycan uşaqlarını qətlə yetirib. Ermənistanın Azərbaycanın mülki əhalisini – uşaqları, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamağı, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyi tələb edirik. Beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini cavabsız qoymamalıdır: “Mən də bir ana və nənə olaraq, Zəhra balamızın qanının yerdə qalmamasını tələb edirəm. Erməni vandalizmini pisləyir və ona son qoyulmasını tələb edirəm. Bütün qadınları, anaları aksiyaya qoşulmağa çağırıram”.