Həsən bəy Zərdabinin məqalə və məktubları 130 il sonra ilk dəfə Azərbaycan dilinə tərcümə edilərək çap olunub

0
149

Həsən bəy Məlikov Zərdabi siyasi əqidəsinə görə Zərdaba sürgün olunduğu və 16 il bu doğma kəndində sürgün həyatı yaşadığı dövrdə jurnalist-publisist fəaliyyətini çar imperiyasının Bakıdakı rusdilli mətbu nəşri “Kaspi”də, həmçinin Bakıya köçəndən sonra “Kaspi” qəzetinin redaktoru işlədiyi illərdə bu qəzetdə və eləcə də “Qafqaz”, “Novoye obozreniye”, “Novosti” qəzetlərində, “Trudı Kafkazskoqo obşestva selskoqo xozyaystva” nəşrində məharətlə davam etdirmişdir.

DAHİ HƏMYERLİMİZİN 25 İLLİK DÖVR ƏRZİNDƏ QƏLƏMƏ ALDIĞI 280 MƏQALƏ VƏ MƏKTUB 130  İLLİK GÖZLƏMƏDƏN SONRA İLK DƏFƏ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ EDİLƏRƏK ÇAP OLUNMUŞDUR.

2016-cı ildə  “Zərdabi LTD” MMC tərəfindən işıq üzü görmüş 912 səhifəlik “Həsən bəy Zərdabi: seçilmiş məqalələri və məktubları” adlı elmi-publisistik toplunu rus dilindən Zərdab rayonunda çıxan  “Əkinçi” qəzetinin redaktoru, Zərdabişünas tədqiqatçı, Ali Media mükafatçısı İsaməddin Əhmədov tərcümə etmişdir. İsaməddin müəllim əsərə yazılmış izahların və şərhlərin də müəllifidir.

Hesen bey Zerdabi

Kitabın məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevadır.

Kitabın ərsəyə gəlməsinə təşəbbüs göstərən və dəstək olan Zərdab rayon icra hakimiyyətinin başçısı, iqtisadiyyat  üzrə fəlsəfə doktoru Lütvəli Babayevdir.

Redaktor və rəyçi isə Əməkdar jurnalist, Həsən bəy Zərdabi və Ali Media mükafatçısı, Zərdabişünas Tahir Aydınoğludur.

“Zərdabdan məktublar” bölməsi ilə başlanan məqalələrdə 1881-ci ilin mənzərəsi Zərdabi tərəfindən olduğu kimi canlandırılaraq “Kaspi” qəzetinə göndərilib. Zərdabi qələmi əlinə alarkən ilk olaraq məhkəmələr üzərində dayanır və xüsusi vurğulayır ki, əhalinin rahatlığı birbaşa ədalət məhkəməsinin öz işini necə icra etməsindən asılıdır. Və günun hadisələrini çox ustalıqla oxuculara çatdıraraq belə qənaətə gəlir ki, “əslində, düzünə qalsa, bizim camaat üçün heç məhkəmə yoxdur və ola da bilməz…”; səh.22-23.

1882-ci ilin (əslində, o dövrün—T.A.) ən böyük bəlalarından biri qaçaqların sadə kənd adamlarını qorxu içində saxlamasıdır. Müəllif yazır: “…artıq 5-ci gündür ki, biz zərdablılar qorxu və yarımmühasirə vəziyyətindəyik. 2 il qabaq Şuşa həbsxanasından qaçaraq Qaradolaq köçərilərindən olan bəylərin himayəsində yaşayan Şuşa qəzasının Qaradolaq sakini Əli Xıdıroğlu bizim vilayəti tərk edərək İrana keçmək qərarına gəlib və səfərqabağı camaatdan xərac toplayır. “Pibodi” tüfəngi ilə silahlanan 6-7 nəfərdən ibarət bu atlı dəstə Zərdabın yaşayış məntəqələrinin qarşısında—Kürün o biri sahilində dayanaraq sakinləri çağırtdırır və hər kəsdən hamının bildiyi məbləğdə pul tələb edir: kim ki, bu tələbi yerinə yetirmir, o şəxsi tezliklə baş verəcək ölüm təhlükəsi gözləyir”; səh.27.

Əlbəttə, o dövrdə xıdıroğlularla mübarizə aparmaq, sadə insanların haqqını müdafiə etmək üçün ancaq millət fədaisi olmaq lazım gəlirmiş. Və bu missiyanı dahi həmyerlimiz jurnalist, publisist olaraq qələminin gücü ilə edib.

Məqalələrdə söhbəti gedən məşhur şəxslərdən biri də Şeyx Əli Babadır.

Şeyx Əli Baba haqqında yazılan məktublardan öyrənirik ki, o, adamlardan hədiyyə almaq adına onları açıqca qarət edir. Təsadüfi deyil ki, Həsən bəy Zərdabinin çoxsaylı rəsmi tələbləri nəticəsində Şeyx Əli Babanın və həmfikirlərinin sürgün olunması barədə sərəncam verilmişdir  (bu qeydlər tərcüməçinin izahlar və şərhlər bölməsindən götürülmüşdür; kitabda səh.894).

“Maarifdən, elmdən məhrum olan xalq işıqdan mərhumdur”, deyən Zərdabi “Kaspi” qəzetinin 13 aprel 1883-cü il tarixli 42-ci sayında (“Zərdabda məktəb olacaqmı?” məqaləsində)  yazır:  “… cəhalətdən, avamlıqdan yeganə xilas yolu məktəbdir. Bəs bizdə, bütün kəndləri demirəm, heç olmazsa, əhalisi çox olan kəndlərdə məktəblər tezlikləmi açılacaq?Təəssüf ki, bu suala “yox” cavabı vermək lazım gəlir, çünki hökumət hətta əhalisinin sayı həddən çox olan kəndlərin heç də hamısında məktəb açmaq gücündə deyil. Kənd icmaları isə məktəbin faydasını anlamadıqlarına və məktəbi pis şeylər mənbəyi hesab etdiklərinə görə ondan qaçırlar, məktəblərin saxlanmasına bir qəpik də xərcləmək istəmirlər”; səh. 51.

Zərdabi bu mövzuya 1883-cü ilin 28 oktyabrında təkrar qayıdaraq “Kaspi” qəzetinin 122-ci sayında yazır: “Bu günə kimi Zərdabda məktəb yoxdur və yaxın zamanlarda olub-olmayacağı da qaranlıq məsələdir. İş burasındadır ki, biz ictimai bərənin gəlirlərindən məktəb üçün ianə ayrılmasına hər 3 Zərdab icmasını razı sala bilsək də, ümumiyyətlə, bu iş göydə durna tutmağa bənzəyir”; səh 64.

Zərdabi məktəb mövzusuna “Kaspi”nin 4 fevral 1900-cü il sayında “Məktəb gigiyenası” sərlövhəli məktubunda yenidən müraciət etmiş, bu qəzetin 1903-cü il 50-ci sayında isə “Yeni qadın təhsil müəssisəsinin layihəsinə dair” informasiya çap etdirmişdir. Həmin məqalədə müəllif yazır: ”İkinci qızlar gimnaziyası məsələsinə dair A.N. Saparovun layihəsinin mətbuatda dərc olunduğu bir vaxtda mən bizim oğlanlar gimnaziyasının yenidən təşkilinə dair təklif etdiyim oxşar layihədən və həmin layihənin kədər doğuran aqibətindən danışmaq istəyirəm”; səh. 859.

İlk milli qəzetimiz olan “Əkinçi” ni (1875-1877) araşdıran mütəxəssislərdən biri Zərdabinin yaratdığı bu qəzeti “Kəndlilərin akademiyası” (professor Qulu Xəlilov) adlandırmışdır. “Kaspi”dəki çox səmərəli və məhsuldar əməyinin nəticəsində isə artıq Həsən bəy bu kitabı dilimizə tərcümə edən İsaməddin Əhmədovun fikirləri ilə desək: ”…”Əkinçi” qəzetini nəşr edərkən H.Zərdabi gənc, təcrübəsiz bir jurnalist idisə, “Kaspi” qəzeti ilə əməkdaşlıq etdiyi, böyük mesenat, millət atası Hacı Zeynalabdin Tağıyevin himayəsi və qızı Pəri xanımın həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun təklifi ilə bu qəzetin redaktoru vəzifəsində çalışdığı dövrlərdə o, həyatın ağır sınaqlarından çıxmış, hakim dairələrin bir çox mürtəce, yaramaz təmsilçiləri ilə amansız mübarizələrdə bişib-bərkimiş müdrik mücahid, bütün həyatını sevimli xalqının maariflənməsi, tərəqqisi naminə qurban verməkdən çəkinməyən qorxubilməz millət fədaisi idi”; səh.18.

Böyük bir qismi “Kaspi” qəzetində dərc olunan bu məktub və məqalələrin hər biri məhz  elə bu zəngin təcrübəyə görə  heç şübhəsiz ki, elmi, mədəni, maarifləndirici, tarixi, etnoqrafik və fəlsəfi qaynaq olaraq xalqımızın ötən əsrlərdki həyatının canlı salnaməsidir və heç bir yazı bu gün də əhəmiyyətini, aktuallığını itirməmişdir. Hər hansı ixtisas sahibi öz sahəsinə aid daha dərin, real və dəqiq bilgi əldə etmək istəsə, o zaman bu kitab həmin şəxsin ən yaxın köməkçisi və yolgöstərəni ola bilər. Ən başlıcası isə gənc jurnalistlərin öz peşəkarlıqlarını artırması, janrından asılı olmayaraq hazırladıqları materialların daha dolğun və oxunaqlı olması üçün bu kitab əvəzsiz xəzinədir.

Kitabın 912 səhifədən ibarət olması oxucuları qətiyyən qorxutmasın. Onu oxumağa başlasanız, ana dilimizə tərcümə edilməsini düz 130 il gözləməli olan bu nadir kitabın rəvan və axıcı dili, faktların zənginliyi, mürəkkəb həyat hadisələrinin sadə dillə təsviri mütləq sizi özünə cəlb edəcək və onu sona qədər, bəlkə də təkrar-təkrar oxuyacaqsınız. Görəcəksiniz ki, mənim də oxuyub çox sevdiyim, həm də çox şey öyrəndiyim, lakin hər birinin haqqında ayrılıqda danışa bilmədiyim bu 280 məktub və məqalənin hər biri oxucu üçün yeni bilik mənbəyidir.

“Məktublar” bölməsindən bəhs edərkən çox təəssüflə qeyd olunmalıdır ki, Həsən bəy Zərdabinin saysız-hesabsız və son dərəcə əhəmiyyətli məktublarından bu günümüzədək yalnız bir neçəsi qorunub saxlanmışdır. Həmin məktubları da tərcüməçi dilimizə ustalıqla çevirmişdir. Kitaba daxil edilən bu məktubların adlarını diqqətli oxucularımıza təqdim edirəm: “Redaksiyaya məktub”, “M.F.Axundova məktub”, “Bakı qubernatoruna məktub”, “Bakı şəhərinin başçısına”, “Bakı şəhər Duması yanında Məktəb Komissiyasına”, “Bakı şəhərinin başçısına (II məktub)”, “Bakı şəhər Dumasına”. Bu məktubların hər biri ayrı-ayrılıqda çox mühüm əhəmiyyətli, xalqın taleyi və məişət şəraiti, yaşayış tərzinin yaxşılaşdırılması ilə bağlı qısa həcmli və son dərəcə dəyərlidir.

Təqdim etdiyimiz bu kitab hər kəs üçün—bütün peşə sahələrində çalışanlara çox lazımlıdır, ancaq jurnalistlər üçün xüsusilə vacibdir.

Sonda bu kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə dərin minnətdarlığımı bildirir, kitabla bağlı bu qeydlərimizi oxuyan hər bir oxucumuzu, mətbuata qiymət verən dəyərli insanlarımızı və peşəkar jurnalistlərimizi qarşıdan gələn 22 iyul—Milli jurnalistika günü münasibətilə təbrik edirəm!

Zərdabini oxuyun ki, qələminiz hər zaman iti olsun!

Tərlan ABDULLAYEVA,

“Əkinçi”nin müxbiri.

Hesen bey Zerdabi