İstedadlı xanəndə Nazim Həsənovu rayonumuzda çoxları tanıyır. Nazim müəllim xanəndəlik sənətini dərindən bilsə də, daim yenilik sorağındadır, o, musiqidə nur axtarır, oxuduğu mahnının çəkisini, qədrini bilir. Deyir ki, yaxşı mahnı böyük enerji mənbəyidir və onun təsir gücünü əvəz edə biləcək qüvvə yoxdur.
N. Həsənov uşaqlıqdan rəssam olmaq istəyib, gözəl rəsmlər də çəkib. Onun yaxşı rəssam olacağını da düşünüblər. Amma günlərin birində radioda Niyaməddin Musayevin ifasında “Kölgəm qədər” mahnısına qulaq asıb və bu mahnı onu elə tutub ki, hökmən müğənni olacağını qərara alıb. O vaxtdan orta məktəbin bədii özfəaliyyət kollektivində, sonralar rayon mədəniyyət evində oxumağa başlayıb. Məktəbli ikən neçə-neçə baxış-müsabiqədə yüksək yerlər tutub. Günlərin birində istedadlı həmyerlimiz Zərdab rayon mədəniyyət evi rəhbərliyinin tövsiyəsi ilə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə imtahan verib və qəbul olunub, musiqinin sirlərinə dərindən yiyələnib. Ali məktəbi bitirəndə doğma rayona qayıdaraq Zərdab mədəniyyət evində əvvəl fəhlə, operator işləyib, sonra da Qoşaoba mədəniyyət evinə bədii rəhbər təyin edilib və indi də orada çalışır. Nazim Həsənovun rayonumuzda keçirilən tədbirlərdəki çıxışlarını çox görmüşük. Həzin, kövrək səsi, özünəməxsus ifası ilə özünü hamıya sevdirən Nazim istedadlı müğənni kimi yaddaşımıza hopub. Özünəməxsus ifasına, vaxtaşırı çıxışlarına görə dəfələrlə mükafatlandırılıb, həsiyyələr alıb. Nazim müəllimin repertuarında Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısı xüsusi yer tutur. O bu mahnını elə ustalıqla oxuyur ki, eşidənlər ifaçının Niyaməddin Musayev olduğunu düşünürlər. Nazim Həsənov Niyaməddin müəllimin repertuarına tez-tez, özü də uğurla müraciət edir. Səbəb də budur ki, Nazim Həsənov Niyaməddin Musayevlə dost da olub və ondan çox şey öyrənib. Bu gün də bir-birləri ilə əlaqə saxlayır, yaradıcılıq planlarından danışırlar. N. Həsənovun musiqiyə, mahnıya vurğunluğu oğlu Hikmət Sərkarzadəyə də sirayət edib. Hikmət Asəf Zeynallı adına musiqi kollecində tar ixtisası üzrə təhsil alır, bu alətin incəliklərinə yiyələnir. Əsl sənət özünə qarşı ciddi məsuliyyət və tələbkarlıqdan başlanır. Bu məsuliyyəti dərindən başa düşən Nazim Həsənovun yeni uğurları hələ qabaqdadır…
Mübariz SƏFİYAROĞLU,
Həsən bəy Zərdabi muzeyinin əməkdaşı, şair-publisist, “Əkinçi” qəzeti