Zərdabın Sarıqaya kəndinin sakini Məhəmməd Məmmədovu ilan sancıb. Zerdab.com-un xəbərinə görə, bu barədə “Yeniavaz.com” saytına onun qardaşı Vəfadar Məmmədov məlumat verib. Onun sözlərinə görə, qardaşını ilan vurandan sonra qolları şişib: “İlan qardaşımı barmağından sancıb. Tez evə gəlib və onu Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin Zərdab Rayon Mərkəzi Xəstəxanasında bildirilib ki, burada ilan zəhəri əleyhinə zərdab yoxdur”.
V. Məmmədov deyib ki, məcbur qaldıqları üçün oradan qardaşını Ağcabədi rayonuna aparıblar: “Lakin gecikmə olduğuna görə, vəziyyəti Ağcabədi xəstəxanasında daha da ağırlaşdı və məcburi olaraq onu Bakıya gətirdilər. Hazırda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə olunur”.
Vəfadar Məmmədov qeyd edib ki, qardaşının vəziyyəti yaxşı deyil: “Zəhər yayıldığı üçün qardaşımın qolu şişib, vəziyyəti pisdir. Özünü yaxşı hiss etmir. Təcili yardım xəstəni Ağcabədidən Bakıya gətirmək üçün 160 manat pul istəyib, ancaq atam 60 manat verə bilib”.
Vəfadar Məmmədov bildirib ki, Zərdab Rayon Mərkəzi Xəstəxanasında ilan zəhəri əleyhinə zərdabın olmaması anlaşılan deyil: “Zərdabda zərdab yoxdursa, ilan sancanlar nə etməlidirlər? Bütün xəstələri Bakıya gətirməlidirlər? Üstəlik, Bakıda müalicə üçün bizdən pul istəyir həkimlər. Həm xəstəni Bakıya gətirməlisən, həm cibindən əlavə pul ödəməlisən. Pul bir yana, bəs qardaşımın başına bir iş gəlsə, necə olacaq? Niyə Zərdab Rayon Mərkəzi xəstəxanasında zərdab olmasın axı?”.
Qeyd edək ki, ilan sancan şəxs – Məhəmməd Məmmədov 1974-cü il təvəllüddür və Qarabağ müharibəsinin iştirakçısı olub. İlan onu bostan əkini zamanı vurub.