Ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunlarının final yarışı keçirilib. Təhsil Nazirliyindən bildiriblər ki, final yarışında iştirak edən komandalar iki mərhələdə mübarizə aparıblar. Yarışın birinci mərhələsində təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçən komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. İkinci mərhələdə isə iştirakçılar müxtəlif sədlərdən keçməklə maneələri dəf etmək bacarıqlarını göstəriblər. Zerdab.com saytı xəbər verir ki, Bakı şəhərində keçirilmiş “Şahin” hərbi-idman oyununun respublika final yarışında Zərdab rayonunu təmsil edən şəhər 1 saylı məktəb liseyin komandası III yeri tutmuşdur. Qalib komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işinin gücləndirilməsindəki əhəmiyyətindən danışıb, yarışların məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını söyləyiblər.
Qeyd edək ki, yarışlara martda start verilib. Zonaların hər birindən birinci və ikinci yerləri tutmuş komandalar respublika final yarışında iştirak etmək hüququ qazanıblar.
Yarışlar Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilib.