Zərdab rayonunun ərazisi 0.86 min kv km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 67 nəfərdir. Zərdab rayonunda 1 aprel 2017-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. 2017-ci il yanvar-mart aylarında Zərdab rayonun əhalisinin sayı 68 nəfər (0,1 faiz) artaraq 57 min 751 (ilkin hesablamalara görə) nəfərə çatıb. Əhalinin 20,4 faizi şəhər, 79,6 faizi isə kənd yerlərində yaşayır.
Cari ilin ilk üç ayında Zərdab rayon əhalisinin 28 min 933 nəfərini (50,1 faiz) kişilər, 28 min 818 nəfərini (49,9 faiz) qadınlar təşkil edir.
Cari ilin ilk üç ayında rayonda 172, hər gün orta hesabla 2 körpə doğulub ki, onların da 17,4 faizi şəhərdə, 82,6 faizi isə kənd yerlərində qeydə alınıb. Təbii artım 54 nəfər olmuşdur. Ölkədə orta hesabla bir qadına bütün ömrü boyu 2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
2017-ci ilin yanvar-mart aylarında Zərdab rayonunda 118 ölüm qeydə alınıb. Bundan 2 nəfəri 1 yaşa qədər ölüm olub. 1-yaşa qədər ölümün hər 2-si də kənd yerlərində qeydə alınmışdır. 1-4 yaşda 1, 20-24 yaşda 2, 35-39 yaşda 2, 45-49 yaşda 2, 50-54 yaşda 4, 55-59 yaşda 10, 60-64 yaşda 7, 65-69 yaşda 14, 70-74 yaşda 8, 75-79 yaşda 19, 80-84 yaşda 19, 85 yaşdan yuxarı 28 nəfər ölüm halları qeydə alınıb. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 1,4-dən 2,0-a qədər artıb. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olub.
Rüb ərzində rayon üzrə 73 nikah və 16 boşanma halı qeydə alınıb. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 27,6, qadınlar arasında isə 23,7 yaş təşkil edir.
2017-ci ilin yanvar-mart ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Zərdab rayonuna daimi yaşamaq üçün 32 nəfər gələn olub ki, bu göstərici şəhər yerlərində 15,6 faiz, kənd yerlərində 84,4 faiz təşkil edib. Rüb ərzində rayon üzrə 18 nəfər gedən qeydə alınıb. Rayon üzrə miqrasiya artımı 14 nəfər olub.
Zərdab rayon Statistika İdarəsi