Uzun fasilədən sonra Zərdab rayonunda çəltik əkininə başlanılıb.www.zerdab.com saytının AzərTAc-a istinadən verdiyi məlumata görə, bu gəlirli sahəni yenidən inkişaf etdirməyə başlayan torpaq mülkiyyətçiləri ötən il 21 hektar sahədən 44,1 ton məhsul tədarük ediblər. Növbəti mövsümdə daha çox düyü istehsal etməyi qarşıya məqsəd qoyan əkinçilər artıq bol məhsulun əsasını qoyurlar. Rayonun Alcanlı və Məlikli kəndləri ərazilərində indiyədək 6 hektardan çox sahədə əkin aparılıb. Hazırda çəltik əkini davam etdirilir. Çəltikçilik Zərdabda ənənəvi sahələrdəndir. Əvvəllər burada ildə, orta hesabla, 100 hektarda çəltik əkilir, 6-7 ton məhsul tədarük olunurdu. Əkin və becərmədə heç bir kimyəvi preparatdan istifadə edilmədiyindən ekoloji cəhətdən tamamilə təmiz olan bu məhsula yerli bazarlarda həmişə böyük tələbat olub. Hər hektardan yığılan məhsulun əkinçiyə 4-5 min manat xalis gəlir gətirdiyini nəzərə alsaq, rayonda bu sahəyə marağın getdikcə artmasının səbəbini anlamaq çətin olmaz. Mütəxəssislərin qənaətinə görə, yaxın gələcəkdə Zərdabda çəltik plantasiyalarının sahəsi 100-120 hektara çatacaq.
www.zerdab.com