İbrahimov Seyran İbrahim oğlu 1965-ci il dekabrın 12-də Zərdab rayonunun Bəyimli qəsəbəsində qulluqçu ailəsində anadan olub. 1983-cü ildə Y. Məmmədəliyev adına Bəyimli qəsəbə orta məktəbini bitirib. Məktəbi bitirdikdən sonra – 1984-cü ilin aprel ayında hərbi xidmətə çağrılıb. 1986-cı ilin may ayında hərbi xidməti başa vurub, Vətənə qayıdıb.
Qayıtdıqdan sonra sovxozda çilingər işləyib. Təhsilini davam etdirmək məqsədilə 1991-ci ildə Ağcəbədi rayonundakı 114 saylı Texniki-Peşə məktəbinə daxil olub, 5 ay burada təhsil alıb.
Qarabağ müharibəsi başlayanda bir çoxları kimi Seyran İbrahimov da cəbhəyə yollanır. İlk döyüş yolu Goranboydan başlanır. Ağdam, Ağdərə, Tərtər, Papravənd, Marquşevan uğurunda gedən döyüşlərdə yaxından iştirak edib. Tərtər qarnizonunda, 732 saylı hərbi hissənin tərkibində döyüşlərin birində itkin düşüb. Həmin döyüşdə 60 nəfərdən 20 nəfəri 2 aydan sonra evlərinə qayıtmışdı, Seyran da onların arasında idi. Seyran evlərinə qayıtdıqdan sonra fermada mexanik işləməyə başlayır. Lakin necə deyərlər, əli işə yatmır və yenidən döyüşlərə qayıtmaq istədiyini bildirir. Yenidən könüllü olaraq 1993-cü il dekabrın 14-də Bərdə batalyonuna üzv yazılır. Füzuli və Cəbrayıl rayonları ərazisində gedən ağır döyüşlərdə qəhrəmancanına iştirak edir. Elə bu döyüşlərin birində, yəni 1994-cü il fevralın 12-də şiddətli döyüşlərin birində qəhramancasına şəhid olur. Zərdab rayon Şəhidlər Xiyabanında dəfn olunub. Allah rəhmət eləsin!
Seyran İbrahimov qardaşımızın qəhrəmanlığı bizlər üçün nümunədir.
Foto: “Zərdabın Aynası”