Zərdablı polkovnik-leytenant Elşən Qarayev: “Yaralandım, amma şəhidlərimizin cənazələrini çıxara bildim”

0
126

Lələtəpə yüksəkliyində üçrəngli bayrağımızın ucaldılmasının bir ili tamam olur. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Lələtəpə döyüşü Vətən övladlarının qanı bahasına qələbə ilə nəticələnib. Zerdab.com saytı APATV-ə istinadən bildirir ki, o döyüşlərin canlı şahidlərindən polkovnik-leytenant Elşən Qarayevin 44 yaşı var. Ömrünün 25 ilini hərbi xidmətdə olub. Cəbhənin ən qaynar nöqtələrində Vətən torpağının keşiyində durub: “25 illik hərb yolu keçmişəm. Məzəm döyüşlərində, Maraldağ əməliyyatında iştirak etmişəm, İnaldağda, Daşkəsən ərazisində ermənilərin əsir götürüb öldürdükləri şəhidlərimizin cənazələrinin çıxarılmasında xidmətlərim olub. Orduda xidmət elədiyim dövrdə nəyinsə həmişə ilkini əldə etməyə çalışmışam. Silahlı Qüvvələrin ordu korpusunda birinci bölük komandiri mən olmuşam, Azərbaycanda ilk dəfə olaraq ordu korpuslarında yaranmış taborların da ilk komandiri mən olmuşam.  23 ildən sonra Lələtəpə uğrunda gedən döyüşlərdə qələbə sevincini dadan da mən olmuşam”.

Özünü xoşbəxt hərbçi adlandıran Elşən Qarayev deyir ki, bu gün Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş Lələtəpəyə ayaq basması onun sevincini daha  da artırır: “Aprelin 1-də gecə saat 5-də hücum əmri aldıq. O, an bizim üçün də, əsgərlərimiz üçün də o qədər sevincli oldu ki. Kimi deyib gülür, kimisi döyüşdən əvvəl rəqs edirdi. Bilirsiniz ölümə başqa cür getmək olmur, bu, başqa hissdir. Bilirsən ki, hansısa qəfil mərminin qurbanı ola bilərsən, amma ölümə yenə sevinə-sevinə gedirsən. Elə bu sevinclə, əzmlə cəmi 3-4 saatı ərzində o boyda Lələtəpə yüksəkliyini geri aldıq”.

Döyüşdə şəhid olan zabit və əsgərlərimizin nəşini döyüş bölgəsindən Elşən Qarayev çıxarıb: “General Bərxudarov tapşırıq verdi ki, şəhidlərimizin cənazəsi heç bir xələl gəlmədən döyüş bölgəsindən çıxarılmalıdır. Mən də tapşırıqdan dərhal sonra onların nəşini çıxarmağa yollandım. Qayıdanda maşın minaya düşdü. Qızğın döyüş gedən ərazidən şəhidlərimizin cənazələrini güllə yağışı altında çıxardıq. Qayıdanda sürücüyə “dayan, qarşıda mina var” desəm də, artıq gec idi. Biz minaya düşdük. Qapı açıldı, mən yıxıldım, amma şəhidlərimizin nəşinə heç bir xələl gəlmədi. Özüm də birinci dəfə yüngül xəsarət aldım”.

Lələtəpə yüksəkliyi qaytarıldıqdan sonra o yüksəkliyə və işğaldan azad olunmuş digər yüksəkliklərə Azərbaycan bayrağının sancılması üçün Elşən Qarayev və digər heyət üzvləri səfərbər olublar: “Aprel döyüşlərinin Qarabağ döyüşlərindən fərqi o idi ki, zabitlər əsgərlərin yanında idi. Bütün komandirlər əsgərlərin yanında idi. Siz irəli gedin, biz arxadayıq deyə söz yox idi. İnanın əsgərləri güclə saxlamışdıq. Əksər uşaqlar 8-9 ayın əsgərləri idi, hamısı döyüşə hazır idi. Onları zorla irəli getməyə qoymadıq. Əsgərlər dayanmaq istəmirdi, deyirdilər fürsətdir, komandir, gedək torpaqlarımızı geri alaq. Erməni əsgəri arxaya qaçırdı. Bizdə pilotsuz uçuş aparatları yüksəklikdən həmin kadrları çəkib, heç kim dayanmırdı, yuxarı qalxırdı. Döyüşə qoşulmaq üçün köhnə döyüşçülər, mülki əhali də səfərbər olmuşdu. Polis postlarında onları saxladılar ki, hələlik sizə ehtiyac yoxdur”.

Döyüşlərdə ikinci dəfə minaya düşən polkovnik-leytenant Elşən Qarayev bu dəfə də yüngül xəsarətlə qurtarır, amma üçüncü mərmidən qoruna bilmir. Aprelin 2-də gecə döyüşün ən qaynar saatlarında yaralanmış gizirin arxasınca gedən Elşən Qarayev onu digər zabit yoldaşı ilə hərbi hospitala yola salmağa nail olur. Qızğın döyüşlər isə sabaha kimi davam edir: “Gecə 04.00 radələrində minaya düşdüm. Tabeliyimdə olan bütün heyəti texnikanın üstünə qaldırmışdım ki, illərlə bu ərazilər ermənilərdə olub, oralarda minalar basdırılıb, qorxdum ki, uşaqlara bir şey olar. Amma özüm minaya düşdüm. İlk gözümün önünə oğlum gəldi. Dedim Cavidana nə cavab verərəm. Öz kəmərimlə dərhal ayağımı bağladım. Silahımı doldurdum. Zabitləri çağırdım ki, mina axtaranla mənim yanıma qayıtsınlar. Təcili yardıma zəng elədim, qanaxma dayanmırdı, amma huşumu itirməmişdim. Dedim ki, ayağım gedib”.

Elşən Qarayev döyüş başlayan andan ermənilərin çoxlu sayda itkilər verdiyini deyir: “Elə ilk dəqiqələrdən qarşı tərəf itki verdi. Lələtəpədə ilk güllə atılandan təxminən bir neçə dəqiqə sonra Azərbaycan ordusu erməni səngərində idi. Biz onlarla elə səngərdə döyüşdük. Onlar səngərdən qırağa güllə ata bilmədilər. Erməni gözünü aça bilmirdi, heç 15 dəqiqə olmamışdı, 20 erməni leşi saymışdıq”.

Aprel döyüşlərində ayağını itirən Elşən Qarayevin ailəsində gələcəyin əsgəri Cavidan adlı ovladı böyüyür. Atası ilə qürur duyan Cavidan deyir ki, hərbçi oğlu olmaq həm məsuliyyətli, həm şərəflidir.

Aprel döyüşlərində göstərdiyi şücaətə görə Elşən Qarayev  “Vətən uğrunda” medalı, birinci, ikinci qüsursuz medallar və müxtəlif yubiley medalları ilə təltif olunub.