“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsilə bağlı tapşırıqlarına uyğun olaraq Zərdab rayonu ərazisində 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşmaq üzrədir.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Zerdab.com saytına verilən məlumata görə, icrasına fevral ayında başlanmış layihəyə uyğun olaraq əkin sahələrinə su Kür çayından veriləcək. Bu məqsədlə çayın sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğunun, nasos stansiyasının, təzyiqqırıcı kameranın və magistral kəmərin inşası layihələndirilmişdir.
Əkin sahələrinə suyun nəqli diametri 1400 mm olan kəməri vasitəsi ilə həyata keçiriləcək. İşlərin qısa müddətdə başa çatdırılması məqsədilə boruların qaynaqlanması və torpağa basdırılması paralel olaraq 4 nöqtədə aparılmış və kəmərin tikintisi yekunlaşmışdır.
Sugötürücü qurğuda suyığıcı kameranın giriş və çıxış hissələrinin bünövrəsi tam betonlanmış, monolit beton divarların armaturlanması işləri tam yekunlaşmış, betonlama işlərinə hazırlıq görülür.
Nasos stansiyasının tikintisi çərçivəsində isə betonlama və izolyasiya işləri aparılmış, nasosların mexaniki hissələrinin quraşdırılmasına başlanılmışdır. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün 4 mvt-luq transformatorun və 35 kvt-luq paylayıcı qurğunun bünövrə hissəsinin tikintisi davam etdirilir. Qurğuları elektrik enerjisi ilə təmin etmək üçün Zərdab 35/10 kilovoltluq yarımstansiyasından 4 km elektrik xətti çəkilmiş, 81 ədəd dayaq quraşdırılmışdır.
Zərdab rayonunda həyata keçirilən suvarma layihəsi üzrə tikinti-quraşdırma işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərsu” ASC Zərdab rayonu ilə yanaşı, Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə 10 min hektar ərazidə suvarma layihəsinin icrasına başlamışdır. Bu ərazinin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə aparılacaqdır. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 km magistral kəmərin inşası layihələndirilmişdir.