Bür müddət öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində ərin arvadını qətlə yetirməsi xəbəri yəqin ki, hər kəsin yadındadır. Məlumat üçün bildirək ki, kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirmişdi. Ailə başçısı bu cinayəti törədəndən sonra həbs olunub. İndi çoxlarına maraqlıdır ki, bəs qətlə yetirilən ananın 3 uşağının aqibəti necə oldu? Zerdab.com saytının məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, Zərdabda anaları qətlə yetirilən həmin 3 uşaq SOS uşaq kəndinə yerləşdirilib: “Azyaşlılar hazırda nəzarətdədilər, onlarla reabilitasiya işi aparılıb. Uşaqların hər üçün bir yerdədir. Uşaq və ailələrə dəstək mərkəzi onları nəzarətdə saxlayır. Həmin uşaqların övladlığa götürülməsi hələ ki məsləhət deyil. Onları bir-birindən ayırmaq olmaz, güclü stress yaşayırlar”.