“Zərdabda mədəniyyət şöbəsində çalışanlar maaşlarını ala bilmir”

0
52

 

Zərdab Rayon Mədəniyyət Şöbəsində çalışanlar bir neçə aydır maaşlarını ala bilmirlər. Bu barədə Zerdab.com saytına şöbənin adının çəkilməsini istəməyən işçisinin şikayətində bildirilib. Onun sözlərinə görə, işçilərə maaşlarının 2017-ci ilin yanvar ayında veriləcəyi deyilib: “Zərdab Rayon Mədəniyyət Şöbəsinin işçiləri oktyabr ayı daxil olmaqla hələ də maaş almırlar. Keçən il də bu problemi yaşatdılar işçilərə, indi də. Bu günlərdə şöbənin müdiri Ürfan müəllim bildirib ki, maaş yanvar ayında veriləcək, ancaq sadəcə yanvar ayının maaşı. Bu nə deməkdir? Neçə aydır get-gələ salınır işçilər. Krediti olanlar, ailə saxlayanlar, borcu olanlar var. Bu nə deməkdir? Xahiş edirəm, bu yazdıqlarımı paylaşın. Belə getsə, Prezidentə məktub yazacağam”.

Şöbənin işçisi bildirib ki, ötən il noyabr-dekabr aylarında da belə bir problem yaşanıb və həll ediləcəyi vəd edilib: “Həmin ayların maaşı bu ilin yanvarında verildi və bizə dedilər ki, bu il ixtisarlar aparıb bu problemi həll edəcəyik. Ancaq eyni problem yenə də yaşanır”.

Məsələ ilə bağlı Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin də mövqeyini işıqlandırmağa hazırıq.

Zerdab.com