Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli saxlanılıb. Zerdab.com-un Avropa.info-ya istinadən məlumatına görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərdən birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və dünən polis tərəfindən saxlanıldığı qeyd edilir. Hazırda Ceyhun Toqifli haqqında cinayət işi başladılıb və iş Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırılır. Zərdab rayon polis şöbəsi faktı təsdiqləyib.
Qeyd edək ki, Zərdab Rayon Təhsil Şöbəsi Şahhüseynli kənd orta məktəbinin direktorunun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Zerdab.com xəbər verir ki, Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, Təhsil Şöbəsinin müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23:00 radələrində həmin məktəbin 11-ci sinif şagirdi 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görüb və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib.
Şagirdin valideynlərinin şikayəti əsasında C. Şirəliyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, haqqında cinayət işi açılmayıb: “Hazırda iş Rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma aparılır. Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilmiş və heç bir təcavüz halının olmadığı müəyyən edilib”.
Məktəblinin atası Rəmzi Abduləliyev olayla bağlı açıqlama verib. R. Abduləliyev Teleqraf.com-a bildirib ki, hadisə noyabr ayının 14-ü gecə saat 02 radələrində baş verib: “Mən qızın anası ilə 1999-cu ildə boşanmışıq, qızım anası ilə birlikdə yaşayır. Hadisə barədə dünən keçmiş həyat yoldaşım mənə danışdı. Ceyhun qızın anasının nömrəsinə zəng edib, qızım telefonu açıb. Deyib ki, sən yaxşı oxuduğun üçün məktəb sənə hədiyyə, kitab göndərib. Qız həyətə düşüb ki, müəllimindən kitabı alsın, həmin vaxt direktor onu zorlamaq istəyib. Qızın qışqırtısına anası yuxudan oyanıb, şillə-qapaz vurub, Ceyhun qaçıb. Ayaqqabısının bir tayı, telefonu düşüb, həyətdə qalıb. Anası deyir ki, 5 dəqiqə gec getsəydim, qızın həyatını da korlaya bilərdi”.
Qızın atası deyir ki, hadisə olan vaxt polisə müraciət olunub: “Qızım qorxusundan qaçıb, evin altında gizlənib. Hazırda polis şöbəsindədir. O məktəbdə mənim bir oğlum da oxuyur, bundan sonra o məktəbə necə uşaq göndərmək olar ki? Təhsil Nazirliyinin təyin etdiyi bir insanın bu cür iş görəcəyini bilməzdik”.
Rəmzi Abduləliyev qeyd edib ki, qızı 9-cu sinifdə oxuyur, universitetə hazırlaşdığı üçün bir neçə fəndən hazırlığa gedir: “Elə tarix fənnindən də Ceyhun müəllim hazırlaşdırırdı”.
Zerdab.com