Həsən bəy Zərdabi muzeyində Azərbaycan xalqının dahi oğlu Həsən bəy Zərdabinin anadan olmasının 174-cü ildönümü qeyd edilib. Bu barədə Zerdab.com saytına muzeydən məlumat verilib.
Tədbir iştirakçıların Həsən bəy Zərdabinin abidəsi önünə gül dəstələri qoyması ilə başlayıb.
Muzeyin direktoru Vəfa Bayramova milli mətbuatımızın banisinin həyatından və çoxsahəli fəaliyyətindən, mənalı ömür yolundan söhbət açıb. Qeyd edib ki, Həsən bəy Zərdabi hər bir azərbaycanlının fəxridir: “Bu dahi şəxsiyyət Azərbaycan maarifinə, mədəniyyətinə, mətbuatına bir günəş kimi doğaraq, xalqımızın mənəvi dünyasını nura, ziyaya qərq edib. Həsən bəy həqiqi xalq xadimi, millət aşiqi, millət fədaisi, millət atası idi. Zərdabi hər il doğum günündə bizim üçün sanki yenidən doğulur. Yaşadığımız hər yeni gün bizlərlə onun arasındakı məsafəni uzaqlaşdırmır, əksinə, biz ona daha çox yaxınlaşır və onu daha aydın dərk edirik. Çünki o, Azərbaycan xalqının qəlbində həmişə ehtiramla yaşayacaq bir ad qoyub getmişdir”.
Daha sonra muzeyin əməkdaşları Tavad Qurbanova “Zərdabi elə bir dəryadır ki,..”, Mübariz Səfiyaroğlu “Zərdabi ömrü…” başlıqlı mövzularla çıxış ediblər.
Tədbirdə “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov, mədəniyyət işçilərindən Teyyub Xəlilov, Əlniyyət Əliyev, Elyurə Məmmədova, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva və başqaları çıxış edərək, dahi həmyerlimizin əziz xatirəsinə bir daha hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə Gəlmə kənd orta məktəbinin 8-ci sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Zerdab.com